...

Samuxda iki avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 5 Mart 2018 14:38 (UTC +04:00)
Bu 18.2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12.7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır.
Samuxda iki avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30.9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu ,18.2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12.7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqələrini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.

Çobanabdallı – Lək – Əlibayramlı avtomobil yolunun 4.3 km-lik hissəsi III texniki dərəcəyə, 13.9 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 4.3 km-lik hissədə 7 m, 13.9 km-lik hissədə isə 6 m təşkil edəcək.

Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 6 m təşkil edəcək.

Avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Suötürücü borular sıradan çıxmış, çiyinlər yuyulub. Bu üzdən yolların əsaslı şəkildə təmir olunması zərurəti yaranıb.

Layihə çərçivəsində mövcud asfalt-beton örtüyünün üst qatl frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur.

Belə ki, Çobanabdallı - Lək - Əlibayramlı avtomobil yolu boyunca müxtəlif diametrli 14 ədəd mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 5 ədəd müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri aparılacaq, zəruri olan yerlərdə dəmir-beton küvetlər tikiləcək.

Tikinti layihəsinə uyğun olaraq yolun 5.3-cü km-də “Şəmkir maşın kanalı” üzərində yerləşən körpüyə yanaşmalarda torpaq yatağının 3 metr enində genişləndiriləcək, istismara yararsız məhəccərlər kəsilərək yeniləri ilə əvəz olunacaq, yeni əyri-xətli tirlər və dirəklər quraşdırılacaq. Daha sonra yol boyu əlaqələndirici bitum səpilməklə 110 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Analoji işlər Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolunda da aparılır. Bu yolda da 12 ədəd müxtəlif diametrli mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası və bir o qədər də müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılacaq.

Layihə çərçivəsində yolun 11-ci km-də “Qanlı Qobu” adlanan ərazidə uzunluğu 24 metr, eni isə 10 metr olan yeni körpünün tikintisi nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində yol boyu əlaqələndirici bitum səpilməklə 70 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Tikinti işlərindən sonra hər iki yolda hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, Çobanabdallı - Lək - Əlibayramlı avtomobil yoluna 62 ədəd yol nişanı və 430 ədəd siqnal dirəkləri quraşdırılacaq, 54.2 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək. Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yoluna isə 61 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılacaq, 38.1 km yolun xətlənməsi işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti