...

Cəbhə bölgəsində yerləşən kəndlərdə “Kütləvi çıxarış” kampaniyası keçirilib (FOTO)

İqtisadiyyat Materials 15 Mart 2018 12:25 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində sakinlərin birbaşa olaraq ünvanlarına gedərək qeydiyyat xidməti göstərib, çıxarışlar təqdim edib.
Cəbhə bölgəsində yerləşən kəndlərdə “Kütləvi çıxarış” kampaniyası keçirilib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində sakinlərin birbaşa olaraq ünvanlarına gedərək qeydiyyat xidməti göstərib, çıxarışlar təqdim edib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, növbəti "Kütləvi çıxarış" kampaniyasının ünvanı Qazax rayonunun 1-ci və 2-ci Şıxlı, eləcə də Aşağı və Yuxarı Salahlı kəndləri olub. Qeydiyyat xidmətlərinin birbaşa olaraq sərhəd və cəbhə bölgələrində yerləşən ucqar kəndlərdə göstərilməsi sakinlərin əlavə ünvana getmədən rahatlıqla əmlaklarına dair sənəd əldə etməsinə imkan yaradıb. Eyni zamanda bu tədbirin Novruz bayramı ərəfəsində keçirilməsi də sakinlərin əhval ruhiyyəsini artırıb.

Rayonun həmin kəndlərindən olan 200-yə yaxın sakininə qeydiyyatla bağlı xidmət göstərilib. Vətəndaşlar arasında Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri olub. 1-ci Şıxlı kəndindən 75 ailə, 2-ci Şıxlıdan 60, Aşağı Salahlıdan 45, Yuxarı Salahlıdan isə 20 ailə xidmətlərdən yararlanıblar. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışların 50-yə yaxını pay torpaqlarının, 20-dən çoxu fərdi yaşayış evlərinin, 20-yə yaxını həyətyanı torpaq sahəsinin, qalanları isə qeyri-yaşayış sahəsinin payına düşür.

Pay torpaqlarının sənədləşdirilməsi, Qazax rayonundakı torpaqların rahatlıqla iqtisadi dövriyyəyə cəlb edilməsinə, ailə təsərrüfatında fəaliyyətin səmərəliliyinin artmasına imkan verir. Həyətyanı torpaqların rəsmi qeydiyyatı bu bölgənin daşınmaz əmlak bazarında aktivliyin artmasına şərait yaradır. Qeyri-yaşayış sahəsinin sənədləşməsi isə Qazax rayonunda biznes fəaliyyətinin genişlənməsinə stimul verir, yeni sahibkarlıq subyektlərinin yaranmasına gətirib çıxarır. Belə tədbirlər Qazaxla yanaşı, digər bölgə əhalisinin əmlaklarını daha aktiv şəkildə iqtisadi proseslərə cəlb etməsinə, regionlarda iqtisadi fəaliyyətin stimullaşdırılmasına, leqal əmlakların sayının artmasına imkan verir.

Kampaniya çərçivəsində bir neçə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin birbaşa evlərində qeydiyyat xidmətləri göstərilib. Onların bəzilərinə əmlaklarına dair çıxarışlar təqdim olunub, bəzilərindən isə ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib.

Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, eləcədə kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Elə həmin gün çıxarış verilməsi məqsədilə 50-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb.

Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 60 nəfərə yaxın kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Onlara çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı, həmin sənədlərin hansı qurumlardan alınması qaydası, o cümlədən qeydiyyat müddəti və prosedurları izah olunub. Sakinlər isə göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Bildiriblər ki, kampaniya onların işdən ayrılmadan, vaxtlarına qənaət etməklə sənəd almasına şərait yaradıb.

Çıxarışlar verilməmişdən öncə komitə əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Xüsusi qurğular vasitəsilə mühəndislik işləri həyata keçirilib. Belə ki, əmlakın müayinəsi, çöl-ölçmə işləri aparılıb, texniki plan-ölçüləri müəyyənləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti