...

BANM Beynəlxalq Forum keçirəcək

İqtisadiyyat Materials 17 Aprel 2018 11:51 (UTC +04:00)

Bakı. Trend:

23-26 aprel 2018-ci il tarixlərində Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə III SOCAR Beynəlxalq Forumu keçiriləcək.

BANM-dan Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” adlı forum Xəzər regionunun neft təqvimində ən mühüm hadisələrdən olacaq. Forumda dünyanın 20-dək ölkəsindən 250-dən artıq iştirakçı və 45-dən çox məruzəçi iştirak edəcək.

Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

Üç gün davam edəcək forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq. Üç günlük tədbir bitdikdən sonra isə 26 aprel tədbir iştirakçıları üçün texniki səfərlər təşkil olunacaq.

Forumda iştirak edəcək şirkətlər arasında dövlət idarə və müəssisələri, neft-qaz şirkətləri (treyderlər, NEZ və neft çıxarma), nəqliyyat şirkətləti (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltınq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr olacaq.

Qeyd edək ki, ənənəvi olaraq artıq üçüncü ildir ki keçirilən forumda ötən il İsveçrə, Türkiyə, Latviya, Litva, Danimarka, Belçika, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, BƏƏ, ABŞ, Venesuela, Çin, həmçinin Mərkəzi Asiya və MDB ölkələrindən neft-qaz sektorunun nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələri iştirak edib.

Forum haqqında əlavə məlumatı http://socarforum.com saytından almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti