...

Azərbaycanda pambıq sahələrində yeni zərərverici aşkarlanıb (FOTO)

İqtisadiyyat Materials 18 May 2018 16:35 (UTC +04:00)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin pambıq əkinlərində apardığı monitorinqlər nəticəsində, Kürdəmir rayonunda otlaq ərazilərin şumlanaraq pambıq səpildiyi bəzi sahələrdə bitkinin ixtisaslaşmış zərərvericisi olmayan kiçik böcəklər tərəfindən pambıq cücərtisi yarpaqlarının yeyilməsi aşkar olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, pambıq sahəsindən götürülmüş nümunələrin üzərində aşkar edilmiş zərərvericinin sarımtıl birəcik - Aphthona lutescens Gyll. (böcəklər dəstəsi-Coleoptera, yarpaqyeyən böcəklər fəsiləsi-Chrysomelidae) olması Respublika Karantin Ekspertiza Mərkəzində təsdiq edilib. Bədən uzunluğu 2 – 2,5 mm olan böcəyin qanadüstlüyü açıq sarımtıl rənglidir. Pambıq bitkisinin səciyyəvi zərərvericisi olmayan bu böcək alaq otlarının (əsasən söyüdyarpaq ağlarotu bitkisinin) yarpaqları ilə qidalanır. Qeyd olunan ərazidə alaq otları üzərində artıb çoxalan birəciklər yaxınlıqda olan pambıq tarlalarına keçib və çüçərtiləri zədələməyə başlayıblar.

Birəciklər yetkin halda müxtəlif yerlərdə, o cümlədən torpağın üst qatında, bitki qalıqlarının altında və digər sığınacaqlarda qışlayırlar. Aprel ayının axırları və may ayının əvvəllərində qışlama yerindən çıxan böcəklər yabanı bitkilərlə qidalanırlar. Tarlalarda mədəni bitkilərin cücərtiləri əmələ gəldiyi zaman böcəklər onların üzərinə keçib, sürətlə qidalanırlar. Qidalanma nəticəsində yarpaqlarda kiçik çökəkliklər əmələ gəlir, zərif yarpaqlarda çökəkciklər tezliklə deşilir. İntensiv yeyilmə nəticəsində iri deşikli zədələr müşahidə olunur. Belə zədələnmə nəticəsində cücərtilər məhv ola bilir, nisbətən iri bitkilər isə böyümə və inkişafdan qalır.

İsti və quru havalar onların zərərli fəaliyyəti üçün daha əlverişlidir. Birəcik yumurtalarıni tarlada torpaq üzərinə qoyur. Yumurtadan çıxan sürfə bitki köklərinin telləri ilə qidalanır və kök ətrafında pup halına keçir. İyunun axırı və iyulun əvvəllərindən etibarən puplardan yetkin birəciklər çıxmağa başlayırlar. Böcəklər alaq otları və mədəni bitkilərlə qidalanır və payızda qışlamaya gedirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti