Bakı. Samir Əli - Trend:
Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 17-41-ci kilometrlik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Hazırda təmir-tikinti işləri yolun 0-17-ci kilometrlik hissəsində davam etdirilir. Artıq bu hissənin 10 kilometrliyində torpaq işləri tam olaraq yekunlaşdırılıb, asfaltlanma işlərinə start verilib. Yol örtüyünün alt layı 7 santimetr, üst layı isə 5 santimetr qalınqlıda olan asfalt-beton qarışığı ilə salınması işləri aparılır. Yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülüb.
AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün borular yeniləri ilə əvəz edilib, zəruri olan yerlərdə yeniləri qoyulub, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılıb. Layihəyə uyğun olaraq yolboyu ümumilikdə diametri 500 və 700 millimetr olan 290 poqonmetr metal, diametri 1000 və 1200 millimetr olan 152 paqonmetr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılıb.
Yenidənqurma işlərinin aparıldığı 17 kilometrlik hissənin təqribən 4 kilometri Tərtər şəhər ərazisinə düşür. Burada mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınıb. Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, əks-dolğu işləri aparılmaqla kipləşdiriləcək, daha sonra 25 santimetr hündürlükdə qum-qırmadaş qarışığından əsasın alt layının, 15 santimetr qalınlıqda optımal-çınqıl qarışığından əsasın üst layının təmiri işləri görüləcək. Bunun ardınca bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa ediləcək. Bunun üçün yararsız beton səki daşları sökülüb, əvəzinə 4 min poqonmetrdən çox yeni səki daşının düzülməsi ilə piyada səkilərinin inşası işləri görüləcək. Ümumilikdə layihə çərçivəsində çiyin hissələrin 80 min kvadratmetr sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kvadratmetrdən çox sahədə təmiri işləri də aparılacaq, 12 avtobus dayanacağı inşa ediləcək. Yolboyu hərəkətin norma təşkili üçün 66 yol nişanı, 22 kilometr göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 kilometr uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.