Bakı. Sara israfilbəyova - Trend
Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığı tərəfdaşlığa əsaslanır. Bunu Trend-ə özəl açıqlamasında bankın Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.
M.Tembon qeyd edib ki, Dünya Bankının Azərbaycanla əməkdaşlığı tərəfdaşlıq münasibətləri üzərində qurulub: "Bu münasibətlər, öz növbəsində, üç prinsipə – məlumat, bilik mübadiləsi, texniki dəstək və maliyyələşdirməyə əsaslanır".
Regional direktor bildirib ki, bank Azərbaycana bu üç istiqamət üzrə praktiki olaraq bütün sahələrdə dəstək göstərib.
O vurğulayıb ki, Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığı "Ölkə üzrə tərəfdaşlıq strategiyası" çərçivəsində həyata keçirilir: "Biz bu sənəd çərçivəsində Azərbaycan hökuməti ilə birgə hansı sahələrin dəstəyə ehtiyacı olduğuna qərar veririk. Bu gün kənd təsərrüfatı, səhiyyə kimi sahələri, kənd yerlərinin inkişafını, magistral yolların yenidən qurulması üzrə layihələri, həmçinin "elektron məhkəmə" sisteminin tətbiqini dəstəkləyirik".
M.Tembon deyib ki, bu ilin fevralında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı ölkənin bütün məhkəmələrində "elektron məhkəmə" sisteminin tətbiqi məsələsi müzakirə olunub: "Hazırda bu sistem təqribən on məhkəmədə tətbiq olunur, lakin gələcəkdə bütün ölkə üzrə həyata keçiriləcəyi planlaşdırılır".
Regional direktor qeyd edib ki, Azərbaycan özünüməşğulluq proqramını reallaşdırır və Dünya Bankına bu proqramda iştirak etmək təklif olunub: "Bu proqram hazırda 6 min azərbaycanlı ailəni əhatə edir. Proqramın əhatə dairəsinin 20 min ailəyədək genişləndirilməsi nəzərdə tutulur".
Dünya Bankının təmsilçisi bildirib ki, bank Azərbaycanda icbari tibbi sığortanın tətbiqi proqramında, həmçinin Bakı-Astara dəmir yolunun yenidən qurulmasında iştirak etməyi planlaşdırır:
"Dünya Bankı Azərbaycanla özəl sektora dəstək üzrə də əməkdaşlıq edir. Özəl sektor yeni iş yerlərinin yaradılması mənbəyidir. Dövlət sektoru özəl sektorun yaratdığı qədər iş yeri yaratmır, buna görə də özəl sektora dəstək çox mühümdür".