...

“Şahdəniz” təbii qazı Avropa sərhədinə çatdırılıb

İqtisadiyyat Materials 17 İyun 2019 11:54 (UTC +04:00)

Bakı. Trend:

Ötən il yanvarın 23-də TANAP boru kəmərinə Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı bu il iyunun 15-də tarixi bir gündə - Milli Qurtuluş Günündə Avropa sərhədinə çatdırılıb.

Trend-in məlumatına görə, bu barədə SOCAR məlumat yayıb.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.

Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Boru kəməri ilə cari ilin 5 ayında Türkiyəyə 790 milyon kubmetr Azərbaycan təbii qazı nəql edilib. Bu vaxtadək isə Türkiyə TANAP-la 1,9 milyard kubmetr Azərbaycan qazı alıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, cari ilin axırına kimi 4 milyard kubmetrə çatacaq. 2021-ci ildə isə bu həcm 6 milyard kubmetr təşkil edəcək. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin isə 99 faizi başa çatıb. Boru kəməri bu il TAP-a birləşmək üçün hazır olacaq. TANAP layihəsi üzrə kapital xərcləri 8 milyard dollardır ki, bu vaxtadək təxminən 6 milyard dollar xərclənib.

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti