...

Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb (FOTO)

İqtisadiyyat Materials 8 İyul 2019 13:48 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb.
Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yekun tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli təlimin gömrük xidməti nümayəndələri üçün səmərəli keçdiyini, praktik bilik və vərdişlərin artırılması baxımından əhəmiyyətli olduğunu deyib. Qeyd olunub ki, beş gün müddətində amerikalı ekspertlər tərəfindən qaçaqmalçılıq hallarının aşkar edilməsi, nəqliyyat vasitələrinin yoxlanılması, texniki nəzarət vasitələrindən istifadə və riskin müəyyən edilməsi üsulları ilə bağlı təcrübə öyrədilib. Naxçıvan Şəhər və Sədərək Gömrük idarələrində praktik məşğələlər keçirilib.

Bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayan komitə sədri gömrük işi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş prosesində tətbiqinin uğurlu nəticələr verdiyini önə çəkib.

ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kis Roberts Naxçvanda keçirilən təlimin təşkilatçılıq, proqamın əhatəliliyi və iştirakçıların fəallığı baxımından yaddaqalan olduğunu vurğulayıb. O, gələcəkdə də bu cür tədbirlərin keçirilməsində maraqlı olduqlarını qeyd edərək yaradılan şəraitdən və göstərilən qanaqpərvərlikdən duyduğu məmnunluğu dilə gətirib.

Sonda Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi müvəffəqiyyətlə başa vurmuş gömrük əməkdaşlarına sertifikatlar və qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, qonaqlar təlim çərçivəsində Naxçıvanın qədim tarixi abidələrini ziyarət edib, gəzməli-görməli yerləri ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti