Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Gənclər Fondunun birgə layihəsi olan “Gənclərin Məşğulluğu” proqramına müraciət edən şəxslərin işlə təmin olunmasına başlanılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, aprel ayından start verilən proqrama ilkin mərhələdə 614 nəfər gənc cəlb edilib.
Layihə çərçivəsində ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunları işə cəlb olunurlar və müəyyən müddət ərzində onların əmək haqlarının bir qismi Fond tərəfindən maliyyələşdirilir.
Proqramın icrası zamanı sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, məcburi köçkünlər və s.) olanlar, regionlarda yaşayanlar, iş təcrübəsi olmayanlara üstünlük verilir. Namizədlərin seçimi işəgötürənlər tərəfindən aparılır. Layihənin icrası prosesi il boyu davam edəcək, vakansiyalar mütəmadi olaraq yenilənəcək.
Məqsəd gənclərin uğurlu karyera planlaşdırmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, iş üçün müraciət edən gəncin ilk iş təcrübəsi qazanmasına, əmək bazarında rəqabətin artırılmasına dəstək verməkdir.