Bakı. Ləman Zeynalova - Trend:
Çexiyadan biznes nümayəndə heyəti Bakıya səfər edəcək.
Bunu Trend-ə müsahibəsində Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.
O, bu cür səfərin planlaşdırıldığını, amma təfərrüatların hələlik açıqlanmadığını bildirib.
Səfir əlavə edib ki, bu tədbirlər adətən yüksək vəzifəli şəxslərin səfərləri ilə əlaqəli olur.
M.Ekert bildirib ki, hökumətlərarası komissiyanın beşinci iclası payızda Praqada keçiriləcək: “Əminəm ki, komissiyanın iclası Çexiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni dövrünə start verəcək”.
Səfirin sözlərinə görə, Çexiyanın Bakıdakı səfirliyi iki ölkənin biznes nümayəndələri arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verir:
“2019-cu ildə biz artıq dörd biznes missiya təşkil etmişik. Bu missiyalar kənd təsərrüfatı, enerji, intellektual nəqliyyat sistemləri və aviasiya ilə bağlı olub. Onu da deməliyəm ki, mən nəticələrdən razıyam və biz əməkdaşlığın bu modelini gələn il də davam etdirmək niyyətindəyik”.