Bakı. Trend:
BP şirkəti Birinci Beynəlxalq “Hədəfdə STEM” konfransını dəstəkləyir.
Şirkətdən Trend-ə verilən məlumata görə. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda və Hədəf liseyinin təşkilatçılığı ilə keçiriləcən bu təlim konfransında məqsəd Azərbaycanın təhsil müəssisələrində STEM (Science, Technology, Engineering, Math) yanaşmasını yaymaq səylərinə dəstək verməkdir.
Müasir dövrdə təhsil sahəsində ən çox tətbiq edilən yanaşmalardan biri olan STEM, adından da göründüyü kimi, elm və texnologiya, mühəndislik və riyazi biliklər sahəsində mütəxəssislər yetişdirmək üçün fənlərin inteqrasiyası və konstruktiv təhsil nəzəriyyəsinə əsaslanaraq şagirdlərin bu sahələrə marağını artırmaq və onları indinin və gələcəyin ən vacib ixtisasları kimi bu sahələrə həvəsləndirməkdir.
Bəxtiyar Aslanbəyli, BP-nin Əlaqələr, Xarici İşlər və Regional Strategiya üzrə vitse prezidenti: “BP bu konfransda iştirakından çox məmnundur. Biz Azərbaycanda təhsilin inkişafına dəstəyi öz sosial layihələrimizin ən vacib istiqaməti kimi seçmişik. Sürətlə dəyişən dünyamızda tədris və təhsilin əsasını, heç şübhəsiz, texnologiya, modernləşmə, elmi yenilik, çevik mühəndislik ideyaları təlqin edən yanaşmalar təşkil edir. Bu, bütün dünyanın, o cümlədən də Azərbaycanın, təhsil məqsədlərindən biridir, çünki yalnız bu yanaşmalarla insanların həyatında müsbət dəyişiklik edəcək innovativ düşüncəyə sahib mütəxəssislər yetişdirmək olar. Məhz buna görə də biz bu konfransa böyük ümidlərlə baxırıq və bu günün şagirdlərinin gələcəyin ixtiraçıları, alimləri, texnologiyanı yeniləyəcək və daha da irəli aparacaq mühəndisləri kimi yetişməsində bu tədbirdə sertifikatlar alacaq təhsil mütəxəssislərinin də böyük rolu olacağına inanırıq”.
28-29 sentyabr 2019-cu il tarixində keçirilən bu konfransın məruzəçi-treynerləri Britaniyanın UKSTEM təlim mərkəzi, Türkiyənin TEKNOKENT texnologiya mərkəzi, Almaniyanın “Fischertechnik” şirkətinin və Hədəf STEM liseyinin mütəxəssisləridir. Konfransda 80 gənc müəllim, Azərbaycan Pedaqoji Universiteti və Bakı Dövlət Universitetinin pedaqoji fakültələrinin tələbələrinə iki günlük təlimlər keçiriləcək və onlara müvafiq sertifikatlar veriləcək.
Hədəf liseyinin direktoru Şəmil Sadiq: “2017-ci ildən fəaliyyətə başlayan Hədəf liseyi Azərbaycanda STEM yanaşması ilə təhsil verən ilk liseydir. Biz beynəlxalq əməkdaşlığa, bilgi və təcrübənin qlobal miqyasda bölüşməsinə xüsusi əhəmiyyət verir və bir neçə beynəlxalq qurumla əməkdaşlıq edirik. Artıq 3 ildir ki, liseyimiz Azərbaycan təhsilində STEM anlayışının tanıdılması və həyata keçirilməsi ilə bağlı müxtəlif formatda konfrans və seminarlar keçirir. Son iki ildə 300 müəllimi əhatə edən “Hədəfdə STEM” adlı təlim-treyninqləri liseyimizin və xarici təşkilatların pedaqoqları və təlimçiləri ilə həyata keçirmiş, çağdaş təhsilin yeniliklərini əyani şəkildə müəllimlərə çatdırmışıq. Bu ilki konfransda bizə verdikləri dəstəyə görə BP şirkətinə xüsusi təşəkkürümüzü bildiririk”.
Redaktorlar üçün qeydlər
Ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.
2019-cu ilin birinci yarısında BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda təkcə sosial investisiya layihələrinə 1,4 milyon ABŞ dollarından çox vəsait xərcləmişlər.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2019-cu ilin birinci yarısında 0,4 milyon dollar vəsait xərcləmişdir.