Bakı. Elçin Mehdiyev - Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edilib.
Palatadan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, “iqtisadiyyatın real sektoruna yönələn kreditləşmənin artırılması” çağırışı ilə əlaqədar növbəti addım kimi Palata tərəfindən edilmiş dəyişiklik nəticəsində müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.
Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcəkdir. Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.
Məlumat üçün bildirək ki, bundan öncə 18.10.2019-cu il tarixində “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilmişdir ki, bu dəyişikliklər ilə KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılmış, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.