Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Trend-ə verilən məlumata görə, Agentlik əməkdaşları vətəndaş Əliyev Tariyel Xosrov oğluna məxsus Sumqayıt şəhəri, 46–cı məhəllədə yerləşən ”Misiroğlu” heyvan kəsim məntəqəsinə baxış keçiriblər. Heyvan cəmdəyinə (mal əti) orqanoleptik baxış zamanı heyvanın aqoniya halında kəsildiyi şübhəsi yarandığına görə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.
Analizin nəticələrinə görə mal əti istehlak üçün yararsız hesab olunub və heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb. 227 kq istehlaka yararsız heyvan cəmdəyi Sumqayıt poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.