...

Formula 1-in Azərbaycana gətirdiyi gəlirin məbləği açıqlanıb

İqtisadiyyat Materials 15 Yanvar 2020 11:25 (UTC +04:00)
Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışlarının Azərbaycan iqtisadiyyatına faydaları açıqlanıb.
Formula 1-in Azərbaycana gətirdiyi gəlirin məbləği açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışlarının Azərbaycan iqtisadiyyatına faydaları açıqlanıb.

Trend-in məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının nəticələrinə həsr edilmiş mətbuat konfransında bildirib ki, Formula 1 yarışları indiyə qədər Azərbaycana 506.3 milyon dollar gəlir gətirib.

Bu məbləğ Formula 1 yarışları ilə əlaqədar Bakıya gələn qonaqların xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.

Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur ki, Bakıda baş tutmuş dörd Qran Pri ərzində qeydə alınmış birbaşa gəlirlərin 73.8 milyon dolları məhz bu sektorların payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 300.6 milyon dollar təşkil edib ki, bu göstəriciyə Formula 1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqəda yaranmış digər gəlirlər daxildir.

İndiyədək Bakıda keçirilmiş dörd Qran Pri ərəfəsində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205.7 milyon dollar təşkil edib. Hesabatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş Formula 1 Qran Pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir.

Bu gəlirlər sözügedən illər ərzində yerli bizneslərdə xüsusən yarışa yaxın aylarda çox sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7.5 min təşkil edib.

Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da Formula 1 yarışlarının rolu böyük olub. Belə ki, 2018-ci ildə baş tutmuş Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% arataraq 90.2 milyon nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti