...

Azərbaycan Rusiya və Ukraynaya çiyələk ixracına başladı

İqtisadiyyat Materials 21 May 2020 10:45 (UTC +04:00)
Azərbaycan xarici ölkələrə çiyələk ixracına başlayıb.
Azərbaycan Rusiya və Ukraynaya çiyələk ixracına başladı

Bakı. Samir Əli - Trend:

Azərbaycan xarici ölkələrə çiyələk ixracına başlayıb.

Bu barədə Trend-ə açıqlamasında fermer Rafət Abbasov deyib.

Sahibkar bildirib ki, artıq 4 gündür ki xaricə çiyələk ixrac edir: "Bu il məhsuldarlıq boldur. Demək olar ki, ötən illə müqayisədə bu il məhsuldarlıq 2 dəfəyə yaxın artıb. Məsələn, ötən il hektara 15-20 ton çiyələk yığmışdıqsa, bu il ən azı hektara 30 ton çiyələk gözləyirik. Artıq istixanalarla yanaşı, açıq sahələrdən də kütləvi yığıma başlamışıq".

R.Abbasov qeyd edib ki, xarici bazara ixrac üçün yeni növ çiyələk yetişdirir: "Artıq xarici bazar üçün çiyələk yığımı başlanıb. Xarici bazara göndərdiyimiz çiyələk növü "Albiyon" çiyələyidir. Bu növ çiyələyi Türkiyədən gətirmişik. Bir neçə ildir ki "Albiyon" və "Salandreas" növlərini becəririk. Bu çiyələklərin məhsuldarlığı yüksəkdir. Amma "Albiyon" növü ilə müqayisədə "Salandreas" nisbətən zəifdir. Ona görə də ixrac üçün əsasən "Albiyon" sortuna üstünlük veririk. Çünki "Albiyon"un dayanıqlığı yüksəkdir. Bu vaxta qədər əsasən "Viktoriya" növü becərirdik. Bu növ də məhsuldardır, amma bu çiyələkləri xaricə ixrac edə bilmirdik. "Viktoriya" növü hektara 30-35 ton məhsul versə də, dayanıqlığı zəif olduğu üçün yalnız yerli bazar üçün nəzərdə tutulur".

Sahibkar bildirir ki, hazırda Rusiya və Ukrayna bazarlarına çiyələk göndərir: "Hələlik iki ölkəyə çiyələk ixrac edirik. Bundan başqa, ərəb ölkələri ilə danışıqlar aparırıq. Ərəb ölkələrinə çiyələk ixracına daha böyük tələbat var. Amma hələ ki bu ölkələrə çiyələk ixrac etməklə bağlı danışıqlar yekunlaşmayıb. Danışıqlar yekunlaşandan sonra ərəb ölkələri ilə yanaşı, digər ölkələrə də ixrac planlaşdırırıq".

R.Abbasov vurğulayıb ki, əvvəlki illərə nisbətən bu il ixraca daha yaxşı şərait yaradılıb: "Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fermerlərə əlverişli şərait yaradıb. Məsələn, ötən ilə qədər Cənub bölgəsində məhsul saxlamaq üçün cəmi 1 anbar var idisə, artıq bu il 3 anbar istifadəyə verib. Bu da fermerlərin məhsullarının saxlanması üçün əlverişli şəraitdir. Əvvəllər istehsal etdiyimiz məhsulları saxlaya bilmirdik, ona görə də ixrac yox idi. Amma indi artıq bu problem aradan qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti