Bakı. Trend:
Azərbaycanda investorlara dövlət tərəfindən verilən təminat müəyyən edilib.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Qanun layihəsində qeyd edilir ki, dövlət tərəfindən investorların bu Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının qorunmasına təminat verilir, investorlar və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir.
Bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar vəziyyətlərdə xarici investorlara və onların investisiyalarına yerli investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (milli rejim) tətbiq edilir.
Həmçinin, bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar vəziyyətlərdə bir xarici investora və onun investisiyasına digər xarici investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (ən əlverişli rejim) tətbiq edilir.
Bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan rejimlərin tətbiqi ayrı-seçkiliyə yol verilməməsi və qərəzli tətbiq edilməməsi şərtilə insanların həyat və sağlamlığının, ətraf mühitin, ictimai asayişin, o cümlədən mühüm təhlükə yarandığı hallarda dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunması sahəsində Azərbaycan Respublikası qanunlarının tətbiqinə xələl gətirmir.