...

İslam İnkişaf Bankının Müdirlər Şurasının 47-ci illik toplantısı keçirilib (FOTO)

İqtisadiyyat Materials 6 İyun 2022 17:30 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

1-4 iyun tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 47-ci İllik Toplantısı keçirilib. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev rəhbərlik edib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər.

İllik toplantıda yaşıl və dayanıqlı infrastrukturun qurulması, davamlı inkişaf üçün milli iqtisadiyyatların canlandırılması, insan kapitalının dəstəklənməsi kimi aktual məsələlər müzakirə edilib. Toplantıda Azərbaycan Respublikasının İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına üzvlüyü ilə bağlı müvafiq qətnamə qəbul olunub.

Müdirlər Şurasının 47-ci İllik Toplantısı çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müzakirələr aparıb.

Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İİB-in vitse-prezidenti Mənsur Muxtarla görüşündə İİB-ə ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlıq edilib, Bankla əməkdaşlığın yüksək qiymətləndirildiyi vurğulanıb. Görüşdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və qida təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əl-Xəlifə ilə görüşdə Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib və qarşıya qoyulmuş hədəflər çərçivəsində ölkəmizin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib, prioritet sahələrin inkişafı istiqamətində əlaqələrin genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

İyunun 4-də təşkil edilən Müdirlərin Dəyirmi Masasında çıxış edən iqtisadiyyat nazirinin birinci müavini işğaldan azad edilmiş ərazilərinimizin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, bu sahədə beynəlxalq tərəfdaşların iştirakının, eləcə də qlobal enerji və qida təhlükəsizliyi sahəsində mövcud və potensial problemlərin həlli istiqamətində ölkələrin həmrəyliyinin önəmini qeyd edib.

Toplantı çərçivəsində həmçinin, İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) rəhbəri Hani Salem Sonbol ilə də görüş keçirilib. Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı istiqamətində İTFC ilə əməkdaşlıq, eləcə də Azərbaycanın ixrac potensialının gücləndirilməsində Korporasiyanın rolu müzakirə edilib, bu istiqamətdə həyata keçiriləcək növbəti birgə addımlar barədə razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti