...

Ezamiyyə xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

İqtisadiyyat Materials 30 İyun 2022 10:21 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Qanunvericiliyin tələblərini Trend-ə maliyyə müxətəssisi Vüqar Mirheydərov şərh edib.

Müxətəssis bildirib ki, Vergi Məcəlləsinin 108.4-cü maddəsi ezamiyyə xərclərinin gəlirdən çıxılması qaydasını tənzimləyir. Vergi ödəyicisi çəkdiyi ezamiyyə xərclərini müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir.

O bildirib ki, ezamiyyə xərclərinin normaları Nazirlər Kabinetinin 25.01.2008 tarixli 14 saylı Qərarı ilə müəyyən edilir. Bu Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində gündəlik ezamiyyə xərclərinin norması aşağıdakı kimi müəyyən edilir:

Bakı şəhəri üçün – 90 manat

Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün - 70 manat,

bütün digər şəhər, rayon mərkəzləri, şəhər tipli qəsəbə və kəndlərə - 65 manat.

Qeyd etmək lazımdır ki, bu məbləğlərin 80 faizi mehmanxana xərcləri, qalan 20 faizini isə gündəlik yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xərclər üçün nəzərdə tutulub.

Məsələn, Gəncə şəhərinə gündəlik ezamiyyə xərclərinin 70 manat normasının 56 manatı mehmanxana, 14 manatı isə yemək və digər xərclər üçün nəzərdə tutulub. Qabaqlar bu sənəddə mehmanxana xərclərini təsdiq edən sənədlər təqdim edilmədikdə həmin xərclərin yalnız 50 faizinin rəsmiləşdirilməsi barədə müddəa olsa da Nazirlər Kabinetinin 27.01.2021 tarixli 13 saylı Qərarına əsasən bu tələb ləğv edilib. Lakin Vergi Məcəlləsinə 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, eyni tələb Vergi Məcəlləsinin 108.4-cü maddəsinə daxil edilib. Beləliklə, təsdiqedici sənədlər təqdim edilmədikdə mehmanxana xərcləri ezamiyyətin baş verdiyi dövrdən asılı olaraq aşağıdakı kimi tanınmalıdır:

27.01.2021-ci il tarixədək – normanın 50% miqdarında,
27.01.2021 – 01.01.2022-ci il tarixdə – tam şəkildə,
01.01.2022-ci il tarixdən – normanın 50% miqdarında.

Misal: Fərz edək ki, “XX” MMC öz əməkdaşını 21.01.2021 – 30.01.2021-ci il tarixlərində Gəncəyə ezam edir. Ezamiyyətdən qayıtdıqda əməkdaş mehmanxana xərclərini təsdiq edən heç bir sənəd təqdim etməyib. Şirkətin hansı məbləğdə ezamiyyə xərclərini gəlirdən çıxılan xərclərə aid edə biləcəyini hesablayaq. 21.01.2021 – 26.01.2021 dövrü üzrə mehmanxana xərclərini təsdiq edən sənədlərin təqdim olunması ilə bağlı tələb qüvvədə idi. Deməli bu 6 gün üçün mehmanxana xərcləri normanın 50% miqdarında gəlirdən çıxıla bilər:

(70 x 80%) x 50% = 28 manat;

Gündəlik normanın qalan 14 manatı isə tam şəkildə gəlirdən çıxılır. Deməli, ezamiyyətin ilk 6 günü üzrə 252 manat gəlirdən çıxıla bilər:

(70 x 80%) x 50% + 14) x 6 = 252 manat

Ezamiyyətin qalan 4 günü üzrə isə ezamiyyə xərcləri tam şəkildə tanına bilər:

70 x 4 = 280 manat.

Şirkət ümumilikdə 532 manat gəlirdən çıxılan ezamiyyə xərcləri tanıya bilər:

252 + 280 = 532 manat.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti