...

Qadınların sahibkarlıq fəaliyyətinə təşviqi KOBİA-nın prioritet istiqamətlərdəndir - Orxan Məmmədov

İqtisadiyyat Materials 14 Dekabr 2022 11:40 (UTC +04:00)
Qadınların sahibkarlıq fəaliyyətinə təşviqi KOBİA-nın prioritet istiqamətlərdəndir - Orxan Məmmədov

Bakı. Trend:

Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir.

Trend-in məlumatına görə, bunu bu günMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov qeyd edib ki, bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir.

"Ölkə Prezidentinin 22 iyul 2022-ci il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilmişdir.

Hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın sahibkarlığının çəkisinin artması müşahidə edilir, qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. Statistikaya əsasən fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Ölkəmizin milli prioritetlərinə və inkişaf strategiyasına əsaslanan, icrası 2022-2026-cı illəri əhatə edən işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramında qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi istiqamətində tədbirlərin icrası nəzərdə tutulmuşdur.

Bildiyiniz kimi dekabrın 2-də Milli Məclisin payız sessiyasının plenar iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Layihədə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədlərinin və istiqamətlərinin müəyyən edilir ki, sözügedən Qanun layihəsində qadın sahibkarlığının təbliğinə dövlət dəstəyinin göstərilməsi də öz əksini tapıb. Düşünürəm ki, Qanun ölkədə sahibkarlığın, o cümlədən qadın sahibkarlığın inkışafının daha da sürətlənməsinə xidmət edəcəkdir.

Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, “kobmarket.az” ticarət portalı, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar. Həmçinin, qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur. Məlumat üçün qeyd edim ki, KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur.

2022-ci ilin oktyabr ayından KOBİA və “Rabitəbank” ASC–nin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” adlı layihəyə start verilib. Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır.

Bununla yanaşı bildirmək istərdim ki, KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanmışdır.

Qeyd edim ki, Agentlik tərəfindən göstərilən dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar.

Belə ki, ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilmiş, o cümlədən qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə həyata keçirilən “Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 100-dən çox qadın yararlanmışdır.

Qeyd edim ki, ötən il yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi və sosial inkişafa nail olunması, bu sahədə yüksəlişdən bəhrələnmək üçün qadın sahibkarların rolunu önəmli hesab edirik. Son illərdə qadın sahibkarların sayının artması sözügedən ərazilərdə məşğulluğun inkişafına yardım edəcəkdir.

Təqdirəlayiq haldır ki, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər qadın sahibkarlarımız da var.

Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir. Bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən, eləcə də digər iş və xidmətlərini təklif edən sahibkarlardan KOBİA-ya 1332 müraciətdən 70-i qadın sahibkarlara aiddir ki, onların da 37-si investisiya layihələri, 13-i iş və xidmətlərlə bağlı və 20-si isə digər vətəndaş müraciətləridir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdiyi layihələrin 29-u ticarət və xidmət, 12-si sənaye, 12-si kənd təsərrüfatı, 9-u tikinti işləri, 4-ü turizm, 2-si təhsil və 2-si isə səhiyyə və mədəniyyət sahələri üzrə olmuşdur.

Bildirmək istərdim ki, regionlarda, o cümlədən Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışında dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcəkdir.

Çıxışımın sonunda bildirmək istərdim ki, ötən müddət ərzində daimi olaraq ölkəmizdə işgüzar qadınlarımızın sayı artmaqdadır. Artan dinamika ilə irəliləyən qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndirir və mandatımız çərçivəsində onları hər zaman dəstəkləyəcəyik.

Ümidvaram ki, ictimai dinləmə formatında təşkil edilmiş bu tədbirdə səsləndirilən təkliflər və onların gələcəkdə reallaşdırılması qadın sahibkarlığın inkişafına öz tövhəsini verməklə, bu sahənin daha da genişlənməsinə müsbət təsirini göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti