Bakı. Trend:
Keçən il Türkiyədə Azərbaycan kapitalı ilə 350 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113 şirkət çoxdur.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.
“2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 164,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 63,2 milyon lirə təşkil edib”- deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (291) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 131,3 milyon lirə təşkil edib” – deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 28 ixracat, 180 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.