...

AİB-in Azərbaycanla yeni tərəfdaşlıq strategiyası tezliklə hazırlanacaq - Ölkə direktoru (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 28 Mart 2023 08:41 (UTC +04:00)
AİB-in Azərbaycanla yeni tərəfdaşlıq strategiyası tezliklə hazırlanacaq - Ölkə direktoru (MÜSAHİBƏ)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) artıq 2024-2028-ci illər üçün Azərbaycanla yeni ölkə tərəfdaşlığı strategiyasının hazırlanmasına başlayıb.

Bunu Trend-ə eksklüziv müsahibəsində AİB-in Azərbaycan üzrə ölkə direktoru Kendis Makdeyqan deyib.

"Mövcud strategiyanın həyata keçirilməsi üçün vaxt bu il başa çatır, yenisi isə AİB-in 2030-cu ilə qədər strategiyası və Azərbaycanın 2030-cu ilə qədər milli strategiyası ilə uyğunlaşdırılacaq", - deyə o bildirib.

Ölkə direktoru qeyd edib ki, nəqliyyat sektoru bank üçün Azərbaycanda maliyyələşmənin aparıcı sahələrindən biri olaraq qalır. Bu günə qədər AİB Azərbaycanda nəqliyyat sektorunun inkişafına ümumilikdə 5,5 milyard dollara yaxın vəsait ayırıb ki, bu da bankın ölkədəki ümumi maliyyələşdirməsinin təxminən 27 faizini təşkil edir.

"Bu yaxınlarda biz ikinci investisiya proqramı çərçivəsində yol şəbəkəsinin inkişafı üzrə 500 milyon dollar dəyərində iki layihəni başa çatdırmışıq. Proqram çərçivəsində yeni Ələt-Astara avtomobil yolunun 60 km uzunluğunda hissəsi tikilib. 70 km uzunluğunda Ucar-Zərdab-Ağcabədi yolu bərpa edilib, Yevlaxdan Şəkiyə qədər olan 55 km-lik M5 avtomobil yolu, ümumi uzunluğu 62 km olan 10 yerli əhəmiyyətli avtomobil yolu tam bərpa edilib”, - deyə Makdeyqan bildirib.

AİB hazırda Dəmir Yolu Sektorunun İnkişafı Proqramı adlı 400 milyon ABŞ dolları dəyərində dəmir yolu layihəsini maliyyələşdirir və bu layihəyə 250 milyon dollar strateji kredit və 150 ​​milyon dollar layihə krediti daxildir.

"Bu proqram Azərbaycanda dəmir yolu xidmətlərinin göstərilməsini və dəmir yolu əməliyyatlarının maliyyə dayanıqlığını yaxşılaşdırır. Strateji kredit Azərbaycanda dəmir yolu sektorunun inkişafı sahəsində islahatları dəstəkləyib. Layihənin kredit komponenti Sumqayıt-Yalama yolunun yenidən qurulması üçün maliyyələşməni nəzərdə tutur. Layihənin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır", - ölkə direktoru izah edib.

"Hökumətin prioritetlərinə uyğun olaraq, biz Qafqazdan kənarda regional əməkdaşlığa və davamlı ticarətə töhfə verə biləcək əsas nəqliyyat dəhlizlərinin tranzit imkanlarının artırılmasına əlavə yardım göstərməyə hazırıq", - Makdeyqan bildirib.

Ölkə direktoru onu da vurğulayıb ki, AİB müxtəlif təşəbbüslərlə Azərbaycanda özəl sektora dəstəyini davam etdirir.

"2022-ci ildə AİB İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlıqda hökumətin dövlət-özəl tərəfdaşlıq proqramını dəstəkləmək və infrastruktur layihələrində özəl sektorun iştirakını artırmaq üçün 1,2 milyon ABŞ dolları qrantla texniki yardım layihəsinə start verib", - Makdeyqan bildirib.

Onun sözlərinə görə, bu texniki dəstək maraqlı dövlət qurumlarının potensialını gücləndirib və müxtəlif qanunvericilik aktlarının hazırlanmasına kömək edib.

Eyni zamanda, maliyyə sektorunda AİB Mikromaliyyə Strategiyasının və Ölkə Maliyyə İnklüziv Çərçivəsinin hazırlanmasına dəstəyi davam etdirmişdir.

"Biz həmçinin istehlakçıların hüquqlarının müdafiəsi prinsiplərini təkmilləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq etdik. Keçən il borcların idarə edilməsi potensialının gücləndirilməsi, orta və uzunmüddətli borcların idarə edilməsi strategiyasını yeniləmək üçün Maliyyə Nazirliyi və Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ilə əməkdaşlıq etdik”, - deyə Makdeyqan izah etdi.

Bundan əlavə, AİB-in ölkə direktorunun qeyd etdiyi kimi, bank dövlət satınalmaları haqqında yeni qanun layihələrinin nəzərdən keçirilməsində Antiinhisar Tənzimləmə və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə dəstək verib və daha da təkmilləşdirilməsi üçün tövsiyələr verib.

Bank 2023-cü ilin birinci yarısında iqtisadiyyatın şaxələndirilməsi üçün peşə təhsili və təliminin modernləşdirilməsi proqramını təsdiq etməyi planlaşdırır.

Ölkə direktoru qeyd edib ki, 2022-ci ildə AİB bu proqramın hazırlanması üçün 750 min ABŞ dolları məbləğində texniki yardım qrantını təsdiqləyib.

"Təklif olunan proqram Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərini dəstəkləmək məqsədi daşıyır. Bu, peşə təhsili və təliminin ölkənin əmək bazarına və 4-cü Sənaye İnqilabına uyğunluğunun artırılması yolu ilə əldə olunacaq", - o deyib.

AİB-in Azərbaycanla əməkdaşlığı çərçivəsində digər mühüm layihələr arasında ölkə direktoru bank tərəfindən Böyükşor gölündə həyata keçirilən 100 kVt-lıq günəş elektrik stansiyasını qeyd edib. Onun sözlərinə görə, layihənin 2023-cü ilin aprelində başa çatdırılması gözlənilir.

"Hazırda biz Böyükşor gölündə 100 kVt elektrik enerjisi istehsal edəcək üzən günəş panellərinin quraşdırılması üzrə pilot layihəni həyata keçiririk. Bu pilot layihə gözlənilən nəticəni verərsə, AİB genişləndirmə məsələsini nəzərdən keçirəcək", - o bildirib.

Makdeyqan qeyd edib ki, AİB Azərbaycanın enerji sektorunda bir sıra uğurlu layihələri dəstəkləyib və hökumətin bərpa olunan enerji proqramına dəstək vermək niyyətindədir.

"Bu yaxınlarda AİB 21,4 milyon ABŞ dolları dəyərində günəş enerjisi layihəsini təsdiqləyib ki, bu da Azərbaycanda bərpa olunan enerjiyə özəl sektorun ilk əhəmiyyətli sərmayəsidir”, - deyə o bildirib.

Ölkə direktorunun qeyd etdiyi digər layihə Naxçıvanda suvarma və drenaj sisteminin inkişafı layihəsidir. Bank bu layihənin inkişafı üçün 1,2 milyon ABŞ dolları məbləğində texniki yardım qrantı ayırmışdır.

"Layihənin hazırlanması son mərhələdədir, onun təsdiqi 2023-cü ilə planlaşdırılır", - o əlavə edib.

Makdeyqanın sözlərinə görə, layihə Naxçıvanın suvarma sistemlərinin bərpası və modernləşdirilməsi üçün yüksək səviyyəli texnologiyalardan istifadəni dəstəkləyəcək.

“Bu layihənin icrası nəticəsində Naxçıvan Muxtar Respublikasının beş rayonunda (Sədərək, Şərur, Kəngərli, Babək və Culfa) 43 min hektardan çox əkin sahəsinin suvarma suyu ilə təmin ediləcəyi gözlənilir”, - deyə o izah edib.

Sonda Kendis Makdeyqan qeyd edib ki, Azərbaycan üçün yeni ölkə strategiyası hazırlandıqdan sonra AİB növbəti beş il ərzində yaşıl iqtisadi transformasiyaya, regional əməkdaşlığa və regionda əlaqələrin inkişafına, davamlı maliyyələşdirməyə və özəl sektorun inkişafına xüsusi diqqət yetirəcək.

"Nəqliyyat, enerji və sosial sektor bu müddət ərzində AİB üçün əsas sahələr arasında qalacaq. Biz yeni strategiyanın 2024-cü ilin birinci rübündə təsdiqlənməsini təmin etmək öhdəliyimizə sadiqik, biz AİB ilə ölkədəki bütün tərəfdaşlarımız arasında səmərəli tərəfdaşlığı inkişaf etdirməyə davam edəcəyik”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti