Bakı. Trend:
"Visa" Azərbaycanda qadın sahibkarlara dəstək üzrə "She's Next Empowered by Visa" qlobal təşəbbüsü genişləndirib.
Bu barədə "Visa"nın baş direktoru, Azərbaycanda regional meneceri Nurlan Hacıyev Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2022-ci ildə təşəbbüsdə 600-dən çox qadın sahibkar iştirak edib.
""Visa" istər qlobal səviyyədə, istərsə də Azərbaycanda qadın sahibkarlığa dəstəyə xüsusi önəm verir. İnklüzivlik "Visa"nın strategiyasını və əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bu təşəbbüsün həyata keçirilməsi qadınlara dəstəyi hədəfləməklə onlara qabaqcıl təcrübə qazandırır", - N.Hacıyev deyib.
O, şirkətin "She's Next Empowered by Visa" təşəbbüsünü gələcəkdə həm Azərbaycanda, həm də digər ölkələrin bazarlarında təşviq edəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda və bütünlükdə Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda qadın sahibkarlar tədricən elektron kommersiyaya keçid etməkdədir və rahat, etibarlı rəqəmsal ödənişlərdən istifadə edir.
Azərbaycanlı qadın sahibkarların biznesə başlamaqda əsas motivasiyası "gəlirin artırılması" (41 faiz) və "arzuların həyata keçirilməsi" (24 faiz) olub.
Qadın sahibkarlar biznesin qurulmasında və idarə olunmasında ən böyük problemin kapital cəlbi (45 faiz) olduğunu bildiriblər, onlardan 23 faizi isə yüksək rəqabət hiss edib. Həmçinin qadın sahibkarların bir hissəsi (27 faiz) "ailəsinə kifayət qədər vaxt ayıra bilməyəcəyinə", "uğursuzluqla üzləşəcəyinə" (26 faiz) görə narahatdır. Beləliklə, Azərbaycanda ən populyar bacarıqlar aşağıdakı kimidir: birinci yerdə rəqəmsal marketinq və sosial şəbəkələrin idarə olunması (49 faiz), əlavə maliyyə əldə etmə strategiyası (34 faiz) və elektron kommersiya (26 faiz) dayanıb.