...

Azərbaycan-Özbəkistan birgə müəssisəsinin avtomobillərinin ixracı planlaşdırılır

İqtisadiyyat Materials 1 May 2023 17:34 (UTC +04:00)
Azərbaycan-Özbəkistan birgə müəssisəsinin avtomobillərinin ixracı planlaşdırılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Hacıqabul. Trend:

Azərbaycan-Özbəkistan birgə müəssisəsinin avtomobillərinin daxili bazarda satışı ilə yanaşı ixrac olunması da planlaşdırılır.

Trend bazar ertəsi xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməlqoyma mərasimində deyib.

Nazir müavini Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı bir sıra sazişlərin imzalandığını xatırladıb.

"O cümlədən sənaye sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Nəticə olaraq biz Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişafı üzrə ilk uğurlu hədəfə nail olduq. Hesab edirəm ki, bu layihə təkcə Azərbaycanı möhkəmlətməyəcək, həm də bütünlükdə region üçün əlverişli şərait yaradacaq", - o deyib.

Məmmədov, həmçinin bildirib ki, zavodun yaradılması əlavə olaraq 1200 iş yerinin açılmasını təmin edəcək.

"İşə salındıqdan sonra bu layihə çərçivəsində ildə 30 min avtomobilin istehsal olunacağı gözlənilir. Bu avtomobillərin satışının həm Azərbaycanın daxili bazarında, həm də xarici bazarlarda həyata keçirilməsi planlaşdırılır", - o deyib.

Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun 2025-ci ilin mayında işə salınacağı gözlənilir. Zavodun investisiya dəyəri 88 milyon manat təşkil edəcək. Hacıqabul Sənaye Məhəlləsində 16 hektarlıq ərazidə yerləşəcək zavodda 1200 yeni iş yeri açılacaq. Zavodun gücü ildə 30 min avtomobil olacaq. Müəssisədə ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyalarından istifadə olunacaq. Müəssisədə "Chevrolet", "Cobalt", "Malibu", "Tracker" və "Equinox" kimi markalı avtomobillərin istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli, 3127 saylı "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" Sərəncamı ilə yaradılıb. Ərazisi 60 hektardır, 500-ə yaxın iş yeri açılıb, investisiyaların məbləği isə 51 milyon manatdan çoxdur. Sənaye rayonunun rezidentlərinin sayı 13-dür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti