Bakı. Trend:
BMTİP 2030-cu ilədək Azərbaycan üzrə DİM-lərin icrası üzrə konkret tədbirlər hazırlayıb.
Trend xəbər verir ki, bunu bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda daimi nümayəndəsi vəzifəsini icra edən Nuno Keyros "Dayanıqlı İnkişaf Məqsədləri və Gənclər üçün Maliyyə Akademiyası" layihəsinin bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, BMTİP Azərbaycan hökuməti ilə birgə layihələr çərçivəsində özəl sektorla əməkdaşlıq qurub.
"Şadıq ki, Azərbaycanın hökuməti, özəl sektoru və aparıcı ali təhsil ocaqları ilə əməkdaşlıq edirik. Əminəm ki, yeni kadrların formalaşması 2030-cu ilədək Azərbaycanın qarşıya qoyulan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək", - o deyib.
Keyros həmçinin BMTİP-in mütəxəssis hazırlığı sahəsində əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
"Biz Azərbaycanın hökuməti, ali təhsil ocaqları, digər strukturları, o cümlədən özəl sektoru ilə 2030-cu ilədək Azərbaycanın qarşıya qoyulan Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üzrə əməkdaşlığı davam etdirəcəyik", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)