...

DSMF investisiya fəaliyyətinə başlayıb: 800 milyon manat

İqtisadiyyat Materials 4 Noyabr 2023 16:39 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu (DSMF) artıq investisiya fəaliyyətinə başlayıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, artıq Fond 800 milyon manat kapital investisiya edib və mənfəətlik dərəcəsi 8 faiz ətrafındadır.

Nazir vurğulayıb ki, ilin sonuna qədər 250 milyon manat əlavə investisiya edilməsi nəzərdə tutulur. Ümumilikdə 1 milyard 50 milyon manat investisiya qoyulmuş olacaq. “8 faizdən götürsək bu investisiya ən azı 80 milyon manat mənfəət verəcək ki, bu da imkan verəcək ki, ən azı min şəhid ailəsini bu vəsait hesabına mənzillə təmin edək və digər ehtiyaclara yönəldək.

S.Babayev vurğulayıb ki, investisiya fəaliyyəti əsasən çox konservativ bir yanaşma ilə aparılır. “Belə fondların təcrübəsindən də irəli gələrək ilk əllərdə investisiya fəaliyyəti konservativ investisiya aləti ilə getməlidir. Bu, əsasən dövlət qiymətli kağızlarına yönəldilib. 5 % məbləğində isə banklara yönəldilib. Mənfəətlilik dərəcəsi isə 8,1 %, 8,2 %, 8,3 % ətrafındadır. Dövlət qiymətli kağızlarının satışı açıq hərraclar vasitəsilə keçirilir.

DSMF də bu hərraclarda iştirak edir. Nəzərə alaq ki, qaydalar iyun ayında təsdiq olundu. Ardınca müvafiq prosesdurlar keçildi. Avqustdan etibarən investisiyaya başlanıldı. Qaydalara əsasən bu investisiya ancaq aşağıdakı alətlərə edilə bilər: Dövlət qiymətli kağızlarına, dövlət zəmanətli qiymətli kağızlara, 5 % həcmində bəlli kriteriyalara uyğun gələn, müvafiq rezervləri olan banklara, repo və əks repo əməliyyatlarına. Bunlardan başqa yerlərə investisiya edilməsi səlahiyyəti bu gün nə DSMF-də var, nə də İşsizlikdən Sığorta Fondunda. Bu gün Azərbaycanın dövlət qiymətli kağızlarının mənfəətlilik dərəcəsi kifayət qədər yüksək və az riskli dərəcədir, o vəsaitlərin hazırda başqa istiqamətlərə yönəldilməsi ilk mərhələ üzrə planlarımızda yoxdur.

Həmin vəsaitlərin investisiya edilməsindən əldə ediləcək gəlirin də hara yerləşdirilməsi qaydalara açıq şəkildə qeyd edilib. Burda bir neçə istiqamət var. Bunlardan birincisi sosial islahatların maliyyələşdirilməsidir”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, “Sosial sığorta haqqında” qanuna edilən dəyişikliyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitləri investisiya kimi istifadə oluna bilir. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti