Bakı. Trend:
Təbii qaza tələbat bundan sonra uzun illər davam edəcək.
Trend xəbər verir ki, bu barədə bu gün bp şirkətinin Qaz və az karbonlu enerjinin inkişafi üzrə vitse-prezidenti Katerina Papaleksandri 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.
"Qaz mühüm yanacaq növüdür və bu cür də qalacaq. Hesab edirik ki, təbii qazın rolu və ona tələbat bundan sonra da uzun illər davam edəcək. Bu kömürüb daha ucuz və daha təmiz alternatividir, qaz həmçinin emissiyaları azaltmağa kömək edə bilər", - o deyib.
Onun sözlərinə görə, qaz bərpa olunan enerji mənbələrini ehtiyat enerji ilə təmin edir və onların fəaliyyətində fasilələr problemini həll edir. Eyni zamanda, Katerina Papaleksandrinin fikrincə, təbii qazın saxlanma xərcləri kifayət qədər aşağıdır.
Qeyd edək ki, Bakı Enerji Forumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)