...

Asiya İnfrastruktur İnvestisiya Bankının illik toplantısının açılış mərasimi keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

İqtisadiyyat Materials 25 Sentyabr 2024 18:14 (UTC +04:00)
Asiya İnfrastruktur İnvestisiya Bankının illik toplantısının açılış mərasimi keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Səmərqənd. Trend:

Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) İdarə Heyəti Şurasının illik toplantısının açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, bu, bankın Mərkəzi Asiyada təşkil etdiyi ilk tədbirdir.

İllik toplantının mövzusu "Hər kəs üçün dayanıqlı infrastrukturu yaratmaq"dır.

Açılış mərasimi İdarə Heyətinin 9-cu illik iclasının başlanğıcını göstərir. Bankın Şura üzvləri, Özbəkistan Respublikasının prezidenti və AİİB-nin prezidenti açılış nitqləri ilə çıxış ediblər.

Qeyd edək ki, tədbir 2024-cü il 25-26 sentyabr tarixlərində keçiriləcək. 2 gün ərzində infrastruktur maliyyələşdirilməsi, iqlim dəyişikliyinə dayanıqlılıq və davamlı inkişaf, eləcə də, infrastruktur layihələrinin rəqəmsal transformasiyasına həsr olunmuş 25-dən çox panel müzakirəsi keçiriləcək.

AİİB — Asiyada və onun hüdudlarından kənarda insanların sosial və iqtisadi rifahının yaxşılaşdırılması üçün davamlı, ekoloji və texnoloji infrastrukturun maliyyələşdirilməsi ilə məşğul olan Çoxtərəfli İnkişaf Bankıdır.

Mərkəzi Asiyada AİİB regional əlaqələrin inkişafında, enerji və su resurslarının idarə edilməsinin yaxşılaşdırılmasında və iqtisadi artımın stimullaşdırılmasında mühüm rol oynayır ki, bu da onun gələcəyin infrastruktur maliyyələşdirməsi vizyonuna uyğundur.

Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev bildirib ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) inteqrasiyasında əsas rol oynayır.

"Bizim azərbaycanlı tərəfdaşlarla əməkdaşlığımız yeni bir səviyyəyə çatıb, çünki Azərbaycan Orta Dəhlizin inteqrasiyasında və Avropa ilə ticarət-iqtisadi münasibətlərdə maraqlı olan digər ölkələrin cəlb edilməsində əsas rol oynayır. Bütün əsas nəqliyyat dəhlizləri Azərbaycandan keçir və biz bunu yaxşı başa düşürük. Bu vacib rolu nəzərə alaraq, nəqliyyat sahəsində maksimum fayda əldə etməyə imkan verən yüksək razılaşmalara nail olduq. Xüsusilə Azərbaycan ərazisindən böyük həcmdə tranzit yükü keçir, bu da yerüstü nəqliyyat üçün önəmlidir", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın və Özbəkistanın TBNM üzrə logistika sahəsində birgə investisiyaları bölgədə nəqliyyat mərkəzlərini birləşdirməyə kömək edəcək.

"Əgər yalnız bir bölgədə texnologiyaları və şəraiti inkişaf etdirsək, lazımi effekti yaratmayacaq. Nəqliyyat mərkəzlərini birləşdirmək üçün Orta Dəhlizdə birgə investisiya qoyuluşu zəruridir, bu da razılaşmalarımızın əsas nəticəsidir.

Orta dəhliz, həmçinin, dəmiryolundan aktiv istifadə edir, burada dəniz marşrutları dəmir yollarına keçir və multimodal logistika çərçivəsində işləyir. Bir çoxu bu marşrutu qiymət məsələləri və nəqliyyat növlərinin dəyişdirilməsi zamanı tranzit vaxtının uzanması səbəbindən çətin hesab etsə də, tərəfdaşlarımız tərəfindən limanlara, informasiya texnologiyalarına və standartların birləşdirilməsinə qoyulan son investisiyalar əməkdaşlığımızı yaxşılaşdırmağa kömək edir.

Özbəkistana gəldikdə, biz gəmiqayırma və infrastrukturun birgə istifadəsi imkanlarını nəzərdən keçiririk. Xəzər iqlimi, əlbəttə, vəziyyətə təsir edir, lakin Orta Dəhliz üzərində trafik həcminin artırmasına və inkişaf etdirilməsinə ciddi ehtiyac var", - J.Çoriyev vurğulayıb.

J.Çoriyev qeyd edib ki, hazırda Bakı və Daşkənd avtomobil nəqliyyatı üçün elektron icazələrin verilməsini müzakirə edirlər.

"Bizim həmkarlarımız Özbəkistana gəlmişdi və biz gömrük komitəsi ilə əməkdaşlıq edirik, çünki onsuz heç bir rəqəmsallaşma mümkün deyil. Bir neçə təşkilatın sinerjisi rəqəmsal texnologiyaların tətbiqini təmin edir. Hazırda avtomobil nəqliyyatı üçün icazələrin elektron mübadiləsi ilə bağlı razılaşmalara gəldiyimiz mərhələdəyik ki, daşıyıcılar lazım olan sənədləri elektron şəkildə və ya keçid məntəqələrində ala bilsinlər", - o əlavə edib.

Tədbir işini sabah davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti