Bakı. Trend:
COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Dünya İqtisadi Forumu ilə yüksək səviyyəli “Əməkdaşlığın gücü: xalis sıfır üçün birləşdirici qüvvələr” adlı plenar sessiya keçirilib.
Trend xəbər verir ki, sessiyada İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İvealanın, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva, “Boston Konsaltinq Qrup”un qlobal sədri və CEO iqlim liderləri alyansının həmsədri Riç Lesser və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, karbon neytrallığına nail olmaq üçün fəaliyyətləri sürətləndirmək lazımdır.
"Biz burada birgə əməkdaşlıq üçün varıq. Mənim cavabım üç əsas tezis şəklində formalaşdırıla bilər. Birincisi, mən istərdim ki, bizim birgə səylərimizi qurmaq üçün faydalı ola biləcək prinsipləri nəzərdən keçirək. İkincisi — siyasət. Və nəhayət, üçüncüsü - özəl sektor və onun mühüm rolu ilə bağlı olacaq. Prinsiplərə gəldikdə isə, görürük ki, bəzi yanaşmalar bizim gözlədiyimiz nəticələri verməyib. Başlayaq inklüzivlik prinsipi ilə. Biz ilk dəfə Azərbaycan hökumətinin adına COP konfransında yanvarın əvvəlində Davosda danışdıq. O zaman belə bir sual vardı: Azərbaycan öz işini necə təşkil edəcək? Biz inklüzivlik prinsipini əsas kimi təqdim edirik. Prosesin gedişində sahələrin istismar edilməsi və mövzuların siyasiləşdirmə cəhdləri olub", - deyə nazir bildirib.
Onun sözlərinə görə, burada əsas və bəlkə də sadə sual odur ki, bu mövzunun bölücülük xəttlərini aşdığını qəbul edirikmi və inklüzivlik həqiqətən daha effektiv nəticələrə gətirirmi?
"İkincisi, mən ədalət mövzusunu nəzərdən keçirmək istərdim. Ədalətlə mən maraqların balansını, inkişaf hüququnu, ideologiyanı və elmi yanaşmanı nəzərdə tuturam. Əgər biz razılaşmasaq fəaliyyətləri koordinasiya etmək çətin olacaq. Üçüncü tezisim koordinasiyanın təcililiyinə aiddir. Vaxt həqiqətən bitir: bizdə məlumat var və bu tapşırığı effektiv idarə etmək üçün nə qədər vaxt və səy lazım olduğunu başa düşürük. Siyasət uyğunlaşdırılmalıdır", - M. Cabbarov əlavə edib.
Nazir qeyd edib ki, keçid tədbirləri, doğru sahələrə investisiyalar və istehlakçılardan, istehsalçılardan və biznesdən məsuliyyətli davranışın dəstəklənməsi məqsədlərə çatmağa kömək edəcək.
"Özəl sektorla bağlı hesab edirəm ki, bu yalnız hökumətlər və ya çoxtərəfli institutlar üçün məsələ deyil, ümumi təşəbbüs tələb olunur. Karbon bazarlarının fəaliyyət göstərməsi, mənim fikrimcə, getdikcə daha real olur. Biz həmçinin iri çoxtərəfli bankların birgə bəyanatını alqışlayırıq, onların yeni hədəflərini və ambisiyalarını elan etmələri bu sahədə yeni bir razılaşmaya doğru mühüm addım kimi qiymətləndirilir", - M. Cabbarov vurğulayıb.
Öz növbəsində, Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov bildirib ki, Özbəkistan "yaşıl" keçid hədəflərinə çatmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.
"Özbəkistanda "yaşıl" keçidi təşviq etmək üçün fəal tədbirlər həyata keçirilir və ilk növbədə yaşıl enerji sertifikatının tətbiqində əldə olunan uğurlar diqqətə layiqdir. Bu sistem, bərpa olunan enerji mənbələrindən və ekoloji təmiz texnologiyalardan istifadə edən istehsalçıları dəstəkləyir. Hər bir sertifikat 5000 kVt·saat enerji istehlakını azaldır və dayanıqlı istehsalı stimullaşdırır. Biz təxminən 20,000 sertifikat təqdim etmişik, bu da bu sahədə maraq və inkişafın artdığını göstərir. Bu mexanizm bütün iştirakçılara – istehlakçılara və istehsalçılara məhsullarının ekoloji dayanıqlılığını artırmağa imkan verir. Bundan əlavə, müəssisələrə investisiya və genişlənmə planları üçün maliyyə cəlb etməyə kömək edir", - deyə o bildirib.
Onun sözlərinə görə, Özbəkistan beynəlxalq maliyyə institutları ilə yaxından əməkdaşlıq edir və iqtisadiyyatın şaxələndirilməsi üçün uzunmüddətli planlar hazırlayır.
"Bu strategiya, karbon neytrallığına nail olmaq məqsədi daşıyır və konkret layihələr və tədbirləri əhatə edir. Hazırda enerji sektoruna investisiya cəlb etmək məqsədilə təşəbbüslər həyata keçirilir ki, bu da Özbəkistana aşağı karbonlu və enerji səmərəli iqtisadi modellərə keçməyə imkan verəcək. Bundan əlavə, biz iqtisadi artım və iqlim şəraiti barədə hesabatın hazırlanmasına dair layihələr həyata keçiririk, bu hesabat Dünya Bankı tərəfindən dəstəklənir. O, iqlim dəyişikliklərinin iqtisadiyyata təsirinin ətraflı təhlilini təqdim edir, bu da effektiv tədbirlər hazırlamağa və beynəlxalq maliyyə və enerji bərpası proqramlarına giriş əldə etməyə imkan verir", - əlavə edib.
Bundan əlavə, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala qeyd edib ki, ticarət COP konfranslarında çox yayılmış və populyar olan bir mövzu olmayıb.
"Ona görə də mən Azərbaycan hökumətini təqdir etmək istəyirəm ki, sabah ilk ticarət sərmayəsi və maliyyə gününü birlikdə keçirəcəyik", - o bildirib.
O qeyd edib ki, ticarət olmadan özümüzə qoyduğumuz karbonsuzlaşdırma məqsədlərinə həqiqətən nail ola bilməyəcəyimizə inanırıq.
“Məqsədlərimizə çatmaq istəyiriksə, açıq və proqnozlaşdırıla bilən ticarətə ehtiyacımız var. Ticarət və iqlim siyasətlərini uyğunlaşdırmalıyıq. Ticarət siyasətləri ilə iqlim siyasətlərinin uyğun gəlmədiyi və bir-birinə zidd olduğu ideyası əslində qəbul etmədiyimiz fikirdir. Ticarət COP konfranslarında çox yayılmış və ya populyar olan bir mövzu olmayıb. Ona görə də mən Azərbaycan hökumətini təqdir etmək istəyirəm ki, sabah bizim ilk ticarət sərmayəsi və maliyyə gününü birlikdə keçiririk.
Pandemiya zamanı, məsələn, insanların maliyyəyə çıxışı olduğunu, lakin peyvəndlərə çıxış əldə edə bilmədiklərini gördük, çünki bu ixrac məhdudiyyətlərini dayandıran məhdudlaşdırıcı ticarət siyasətimiz var idi”,- deyə o bildirib.
Öz növbəsində, “Boston Konsaltinq Qrup”un qlobal sədri və CEO iqlim liderləri alyansının həmsədri Riç Lesser qeyd edib ki, COP29 kimi böyük və vacib bir tədbiri qısa müddətdə planlaşdırmağın nə qədər ağır yük olduğunu bilirik və Azərbaycan bunun öhdəsindən gəlib.
O qeyd edib ki, hər kəs bütün bu tədbirin təşkili keyfiyyətindən çox təsirləndi.
“Düşünürəm ki, bütün qlobal iqlim icması bunun üçün dərin minnətdarlıq hiss edir”,- deyə o bildirib.
İqlim maliyyəsindən bəhs edən R.Lesser qeyd edib ki, maliyyə gündəmini milyardlarlardan,trilyonlara qədər genişləndirməliyik.
“Hökumətlərin təkbaşına öz ölkələrinə və ya bir-birlərinə bu səviyyədə maliyyə təmin edə bilməsi mümkün deyil. Mənə görə COP29-un başlanması, nəhayət, 6.4-cü maddənin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş iqlim maliyyəsinə təsir edə bilər”, -deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.