Bakı. Trend:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə SOCAR ilə birgə 2025-ci il üçün Dünya İqtisadi Forumu tərəfindən Azərbaycanın virtual pavilyonun yaradılması nəzərdə tutulur.
Trend xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) Trend-ə verilən məlumata görə, bu barədə 4SİM-in icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumu çərçivəsində DİF-in “Qlobal Əməkdaşlıq Kəndi” (Global Collaboration Village) platformasının rəhbəri Çey Huanq ilə görüşündə bildirilib.
Qeyd olunub ki, görüşdə platformanın yeni Artırılmış Reallıq mühiti ilə tanışlıq sessiyası baş tutub. Sessiyada 4Sİ Mərkəzlər Şəbəkəsinə üzv olan digər mərkəzlərin rəhbərləri də iştirak ediblər.
Görüşdə həmçinin 4SİM ilə platforma arasında icra olunan cari işlər müzakirə olunub.
“Qlobal Əməkdaşlıq Kəndi” virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş dünyanın ilk genişləndirilmiş reallıq platformasıdır. Layihə “Village Accenture” və “Microsoft” ilə birgə Dünya İqtisadi Forumunun təşəbbüsüdür. 142-dən çox şirkət hazırda bu platforma ilə tərəfdaşlıq edir. Platformanın inkişafında əsas töhfə verən tərəflərdən biri də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir.