Bakı. Trend:
Azərbaycan Respublikasının 17 qanununda dəyişikliklər edilməsini nəzərdə tutan qanun təsdiqlənib və bu gündən etibarən qüvvəyə minib.
Trend xəbər verir ki, qanunun qüvvəyə minməsi nəticəsində 23 növ sənədə dair məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təqdim edilməsi həmin sənədlərin fiziki daşıyıcılarının təqdim edilməsinə bərabər tutulacaq. Qeyd olunan dəyişikliklər nəticəsində miqrasiya, əmək, məşğulluq, sığorta, təhsil, yol hərəkəti, əmlak məsələlərində, habelə sahibkarlıq fəaliyyətində sıx istifadə olunan əsas sənədlərə və lisenziyalara dair rəqəmsal məlumatlar hüquqi qüvvəyə malik olacaq. Bu sənədlər həyat hadisəsi əsaslı təşkil ediləcək xidmətlərin nəticəsində yaranan rəqəmsal sənədlərdir.
Bu yenilik, vətəndaşların aidiyyəti məlumatları “mygov” tətbiqi vasitəsilə qarşı tərəfə təqdim etmələrinə imkan yaradır və rəqəmsal hökumətə keçid prosesini daha da sürətləndirir. Bununla yanaşı, sistem üzərindən təqdim edilən məlumatların doğruluğunu yoxlamaq üçün də xüsusi mexanizmlər təqdim olunur. Belə ki, vətəndaş rəqəmsal sənədlərini təqdim etdiyi zaman qarşı tərəf (xidmət göstərən qurum və təşkilatlar) bu məlumatların doğruluğunu “mygov Checker” platforması vasitəsilə yoxlaya bilər.
Qanunvericilikdə bu mühüm dəyişikliklər, ölkədə rəqəmsallaşma prosesinin sürətləndirilməsi, vətəndaşların dövlət xidmətlərinə çıxışının asanlaşdırılması və kağız əsaslı proseslərin rəqəmsal formatlara keçirilməsi istiqamətində əhəmiyyətli addım olaraq qiymətləndirilir.
Sənədlərin siyahısı aşağıdakı kimidir:
1. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar;
2. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;
3. iş icazəsi;
4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;
5. qaçqın vəsiqəsi;
6. işçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsi və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə;
7. şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlar, fərdi məşğulluq proqramı və fərdi məşğulluq vərəqi;
8. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı Annuitet və icbari sığorta müqavilələri;
9. təhsil haqqında dövlət sənədi;
10. müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən arayış;
11. sürücülük vəsiqəsi;
12. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
13. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon;
14. ünvanlı dövlət sosial yardımının təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərarlar;
15. müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina barədə qərarlar;
16. əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, təyin edilməsindən imtina olunması, bərpası, dayandırılması və əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi barədə qərarlar;
17. şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dair qərarlar;
18. vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlər;
19. icbari sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsi üçün təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişi;
20. könüllü və icbari sığorta şəhadətnamələri;
21. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik;
22. daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
23. lisenziya və icazələr.