...

Bakıda Azərbaycanın 2030-cu ilə qədər olan dayanıqlı inkişaf prioritetlərinə həsr olunmuş tədbir keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 31 Yanvar 2025 09:29 (UTC +04:00)
Bakıda Azərbaycanın 2030-cu ilə qədər olan dayanıqlı inkişaf prioritetlərinə həsr olunmuş tədbir keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycanın dayanıqlı inkişaf üzrə qarşıdakı beş ilin prioritetləri təqdim olunacaq, eyni zamanda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədinin yekun qiymətləndirilməsi üzrə əsas nəticələr və tövsiyyələr müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan 2030-cu ilin gündəmində nəzərdə tutulan dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün müxtəlif sahələrəd BMT strukturlarından dəyərli texniki dəstək və ekspert konsultasiyası alır, həmçinin beynəlxalq təşəbbüslərdə fəal şəkildə iştirak etməklə, qlobal əməkdaşlığa olan sadiqliyini nümayiş etdirir.

Onun sözlərinə görə, Azərbaycan rəqabətədavamlı və inklüziv iqtisadiyyatın qurulmasına, dayanıqlı inkişafa dəstəyə, sosial rifahın yaxşılaşdırılmasına, möhkəm gələcək naminə uzunmüddətli dayanıqlığın təmin edilməsinə yönəlmiş yol xəritəsinə əməl edir.

“Bu istiqamətdə irəliyə doğru çevik addımlar atmağımıza baxmayaraq, uzun illər işğal altında olmuş ərazilərin minalardan təmizlənməsi ən böyük problemlərdən biri olaraq qalmaqdadır. Hazırda Azərbaycan minalanmanın fəsadlarından ən çox əziyyət çəkən ölkələrdən sayılır və biz bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayırıq. Azad edilmiş ərazilərdə sabit, təhlükəsiz və firavan gələcəyin qurulması üçün Dayanıqlı İnkişafın 18-ci məqsədinin irəli sürülməsi təşəbbüsünü dəstəkləyirik", – deyə o bildirib.

Əlavə olaraq Azərbaycanın İqtisadiyyat Nazirinin müavini Səməd Bəşirli çıxış edərək bildirib ki, 2021-ci ildən bəri Azərbaycan BMT ilə birgə 142 milyon ABŞ dolları həcmində layihələr həyata keçirib.

S.Bəşirli qeyd edib ki, Azərbaycan 1992-ci ildən bəri aktiv şəkildə BMT ilə əməkdaşlıq edir və qlobal təşəbbüsləri dəstəkləyir.

“2024-cü ildə bu münasibətlərin yeni səhifəsi açılıb - ölkəmizdə COP29-un keçirilməsi Azərbaycanın qlobal iqlim gündəminin əsas oyunçulardan biri olduğunu sübut edir. Dayanıqlı inkişaf Azərbaycanın dövlət siyasətinin əsas priroritetlərindəndir. Biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etmişik və onları öz dövlət strategiyamıza inteqrasiya etmişik. Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq 50-dən çox dövlət proqramı və strategiyası həyata keçirilib, dayanıqlı inkişaf üzrə Milli Kordinasiya Şurası yaradılıb. Azərbaycan artıq BMT-nin Yüksək Səviyyəli Forumuna dördüncü Könüllü Milli İcmalını təqdim edib. Biz "yaşıl" enerji, rəqəmsal texnologiyalar və innovasiyalar əsasında qurulmuş bir iqtisadiyyat yaratmaq üçün strateji addımlar atırıq. Azad edilmiş ərazilərdə "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyaları həyata keçirilir. Bundan əlavə, Azərbaycanın minatəmizləmə prosesinin 18-ci Dayanıqlı İnkişaf Məqsədləri kimi tanınması təşəbbüsü dayanıqlı inkişafa olan dəstəyimizin bariz nümunəsidir", – deyə o əlavə edib.

Öz növbəsində BMT-nin Azərbaycandakı daimi rezident-əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib ki, BMT-nin Azərbaycandakı ofisi COP29 sədrliyinin təşəbbüslərinin həyata keçirilməsinə dəstək olmaq fürsətini səbirsizliklə gözləyir.

“Son illər biz Azərbaycanın bir sıra çoxtərəfli məsələlərin həllində, o cümlədən iqlim böhranı ilə mübarizədə - xüsusilə COP29 sədri olaraq - təkcə milli səviyyədə deyil, həm də regional və qlobal səviyyələrdə öz rolunu möhkəmləndirməsinin şahidi olmuşuq. BMT-nin Azərbaycandakı komandası ötən il COP29 sədrliyi ilə sıx əməkdaşılıq şəraitində işləməkdən böyük şərəf hissi duyub. COP29-un razılaşdırılmış nəticələri ilə yanaşı, prezidentin 14 təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizədə həm qlobal, həm də regional səviyyələrdə önəmli bir mirasdır. Bu kontekstdə BMT-nin Azərbaycandakı ofisi sədrliyin bu təşəbbüslərinin gerçəkləşdirilməsinə dəstək olmaq və iqlim dəyişikliyi ilə mübarizədə BMT dəstəyinin miqyasını genişləndirməyə kömək etmək fürsətini səbirsizliklə gözləyir”,- deyə o bildirib.

Daha sonra Azərbaycan İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin sədri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib ki, 2026-cı ilə kimi özəl sektorun Azərbaycan ÜDM-dakı payının 88 faizə çatdırılması planlaşdırılır.

“2022-2026-cı illərə olan sosial strategiyada özəl sektorun ÜDM-dəki payının 2026-cı ilə qədər 88 faizə qaldırılması, qeyri-neft ixracatının həcmini -1,8 dəfə artırılması, qeyri-neft ÜDM 1,3 dəfə artırılması, ümumilikdə ÜDM 1,2 dəfə artırılması kimi məqsədlər təsbit olunub”, - deyə o bildirib.

H.Hüseynov bildirib ki, sosial siyasətin əsas istiqamətləri məşğulluq və muzdlu işçilərin sayında özəl sektorun payının artımının stimullaşdırılması, qadınlar üçün iqtisadi imkanlara əlçatanlığın yaxşılaşdırılması, qeyri-rəsmi məşğulluq səviyyəsinin müəyyən edilməsi, o cümlədən özəl sektorda şəhər və kəndlərdəki həyat səviyyəsi arasındakı fərqin azaldılması kimi məsələlərdən ibarətdir.

Öz növbəsində, BMT-nin regional inkişafın əlaqələndirilməsi ofisinin dayanıqlı inkişaf üzrə mütəxəssisi Fioralba Şkoda qeyd edib ki, BMT və Azərbaycan arasında 2026-2030 illər üzrə yeni Çərçivə sənədi tam razılaşdırılmış və hökumətlə məsləhətləşmələr əsasında hazırlanacaq.

“Bu sənədin məqsədi 2030-ci ilə qədər dayanıqlı inkişafla bağlı gündəmin həyata keçirilməsinə dəstək göstərməkdir. Bu hər bir ölkənin inşikafı üçün BMT fəaliyyətinin planlaşdırılması və realizəsi baxımından ən vacib vasitədir. BMT və Azərbaycan hökuməti arasında 2021-2025-ci illərdə dayanıqlı inkişaf sahəsində əməkdaşlıq haqqında çərçivə sənədinin realizəsi uğurlu nəticələrə gətirib çıxarıb. Onu qeyd etmək də vacibdir ki, Azərbaycanın hökuməti əməkdaşlığa yüksək sadiqlik nümayiş etdirir”, -deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti