Bakı. Trend:
Ötən ilin fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb.
Trend bu barədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.
Məlumata görə, bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
Ötən il bu ərazilərdə sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib.
Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda icra edilərək iqtisadiyyata töhfə verirlər.