Daşkənd. Trend:
Azərbaycan və Özbəkistan Əməkdaşlıq üzrə Birgə Hökümətlərarası komissiyanın 14-cü iclasını cari ilin ilk yarısında keçirməyi razılaşdırıb.
Trend xəbər verir ki, bu barədə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev arasında keçirilən görüşdə məlum olub.
Görüşün yekunlarına əsasən, Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası komissiyanın 14-cü iclasının, həmçinin Özbəkistan-Azərbaycan əməkdaşlığının ikitərəfli gündəmi çərçivəsində digər tədbirlərin 2025-ci ilin ilk yarısında təşkil olunması istiqamətində müştərək addımların atılması razılaşdırılıb.
Danışıqların gedişində tərəflər əldə olunmuş razılaşmaların vaxtlı-vaxtında həyata keçirilməsini həmçinin ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivlərini müzakirə etmiş, hər iki ölkənin işgüzar dairələrinin bu işə aktiv cəlb olunmasına xüsusi diqqət ayırıblar.
Şəhərsalma, turizm və kənd təsərrüfatı sahələrində əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsi məsələsinə xüsusi diqqət ayrılıb. Tərəflər cari işlərin sürətləndirilməsi üçün kompleks vəzifələr müəyyənləşdirib və yeni investisiya təşəbbüslərinin dəstəklənməsi istiqamətində gələcək birgə addımları razılaşdırıblar.
Görüşdə həmçinin investisiya əməkdaşlığının müsbət dinamikası qeyd edilib. Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 257 müəssisə fəaliyyət göstərir ki, bunlardan 56-sı birgə şirkət, 201-i isə 100% Azərbaycan iştirak payına malik müəssisələrdir. Bu göstəricilərin dəfələrlə artırılması üçün yüksək potensialın mövcud olduğunu vurğulayan tərəflər, Özbəkistan və Azərbaycan biznes icmaları arasında perspektivli layihələrin təşviqi barədə razılığa gəliblər.