Bakı. Trend:
Ötən il Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 97,892 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 196,578 milyon ABŞ dolları və ya 66,7% azalıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiya Federasiyasından yatırılan investisiyaların payı 2,2% təşkil edib.
Öz növbəsində, Azərbaycan ötən il Rusiya iqtisadiyyatına 27,360 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 6,024 milyon ABŞ dolları və ya 18% azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 2% təşkil edib.
2023-cü ildə Rusiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 294,470 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 33,384 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.