Bakı. Trend:
Azərbaycanda bu ilin birinci rübündə dəmir yolu nəqliyyatı ilə 4,3 milyon ton yük, 2,1 milyon sərnişin daşınıb.
Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,8 faiz azalma, sərnişin daşınmasında isə 10,3 faiz artım müşahidə olunub.
Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 4,2 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 55,9 milyon ton yük daşınıb. Yüklərin 4,0 faizi dəniz, 7,7 faizi dəmir yolu, 0,2 faizi hava, 58,1 faizi avtomobil nəqliyyatı, 30,0 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,4 faiz təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında nəqliyyatçılar 472,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.