Bakı. Trend:
Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə elektrik enerjisinin istehsalı 91,2 milyon kVt·st olub.
Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, Naxçıvanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 900 min kVt·st və ya 1% azalıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Naxçıvanda elektrik enerjisinin istehsalı 92,1 milyon kVt·st olub.
Qeyd edək ki, cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 7,172 milyard kVt·st olub. Elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon kVt·st və ya 0,6% artıb. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7,129 milyard kVt·st olub.
Cari ilin hesabat dövründə İES-lərdə 6,318 milyard kVt·st, SES-lərdə 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6,385 milyard kVt·st (İES-lərdə 5,740 milyard kVt·st, SES-lərdə 645,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 mln. kVt·st (İES-lərdə 55,7 mln. kVt·st, SES-lərdə 21,7 mln. kVt·st, GES-də 13,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. kVt·st təşkil edib.