Bakı. Trend:
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 45) növbəti iclası keçirilib.
Trend-ə bu barədə AZSTAND-dan məlumat verilib.
Bildirilib ki, hibrid formatda təşkil olunan iclasda Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “Azərxalça” ASC, “Azəripək”, "Prime Cotton", “Dress Uniform” MMC-lər və digər aidiyyəti qurumların Texniki Komitələrinin üzvləri iştirak ediblər.
İclas zamanı Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planı çərçivəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi məqsədilə tekstil sahəsinə dair mövcud standart layihələri müzakirə olunub, həmçinin Texniki Komitənin üzvləri tərəfindən həmin layihələrə dair təklif və rəylər təqdim edilib.
Yekunda tekstil və tekstil avadanlıqları üzrə yeni standartların qəbuluna dair təkliflər səsverməyə çıxarılıb. İştirakçılar tərəfindən konsensus əsasında qəbul edilən yeni standartlar təsdiq edilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunub.