Bakı. Trend:
"Azərkosmos" qoyulmuş 700 milyon manat sərmayəndən artıq 650 milyon manat gəlir əldə edib.
Trend xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"2013-cü ildən bəri "Azərkosmos"un 3 peyki orbitə çıxarılmışdır. "Azerspace-1" və "Azerspace-2" peykləri vasitəsilə hazırda biz 50-yə yaxın ölkədə fəaliyyət göstəririk. Qoyulmuş 700 milyon manat sərmayənin artıq 650 milyon manatı gəlir şəklində əldə edilmişdir", - o bildirib.
D.Bədirxanov vurğulayıb ki, kosmik sahədə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlıqların genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindəndir: "Həmçinin kosmik sahədə təhsil, tədris və innovasiyaların təşviqi də prioritetlərimizdəndir. "Azərkosmos" tədbirdə 10-a yaxın anlaşma memorandumu, o cümlədən müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin imzalanmasını gözləyir. Sənədlər imzalandıqca bu barədə məlumat veriləcək. Kosmosun sülh və elm məqsədilə istifadəsi üçün əməkdaşlığımız artır. Şadıq ki, artıq Çinlə də bu istiqamətdə əməkdaşlığımızı genişləndiririk".