Bakı. Trend:
Pakistan və Azərbaycan arasında böyük münasibətlər mövcuddur, lakin düşünürəm ki, həm ticarət, həm də investisiya sahəsində hələ də reallaşmamış böyük potensial var.
Bu sözləri sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində Trend-ə özəl müsahibəsində Pakistanın Dəmir Yolları üzrə Dövlət naziri və Baş nazirin İcraat Bölməsinin rəhbəri Bilal Azhar Kayani deyib.
"Bildiyiniz kimi, Pakistan və Azərbaycan arasında - iki böyük millət, xalqlarımız və eyni zamanda, liderlərimiz və hökumətlərimiz arasında çox sıx münasibətlər mövcuddur.
Son iki-üç ildə Pakistan və Azərbaycan arasında bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub. Hazırkı Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycanla münasibətlərimizə çox yüksək önəm verir. Məhz buna görə də Pakistanın Baş naziri fevral ayında Bakıya səfər etmişdi. O, bir neçə ay sonra Azərbaycan Prezidentinin dəvəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO və ya İƏT) sammitində iştirak etmək üçün yenidən Azərbaycana gəlməyi səbirsizliklə gözləyir", - nazir bildirib.
B.Kayani Pakistanın investisiya və biznes sahəsində Azərbaycanla münasibətlərini gücləndirməkdə maraqlı olduqlarını vurğulayıb:
"Azərbaycan Prezidentinin Pakistana 2 milyard dollar investisiya yatırmaq niyyətini elan etməsinə görə minnətdarıq. Hər iki ölkənin komandaları investisiya edilə biləcək sahələri müəyyən etmək və inkişaf etdirmək üçün fasiləsiz işləyirlər. Müxtəlif sahələr üzrə əməkdaşlığa dair razılaşmalar imzalanıb. İndi əsas iş bu sahələrdə real investisiya imkanlarını müəyyənləşdirmək, bu investisiyaları gerçəkləşdirmək və əməkdaşlığı daha da gücləndirərək hər iki ölkə üçün real gəlir vəziyyəti yaratmaqdır.
Pakistan və Azərbaycan arasında böyük münasibətlər mövcuddur, lakin düşünürəm ki, həm ticarət, həm də investisiya sahəsində hələ də reallaşmamış böyük potensial var. Hər iki ölkə bu potensialı həyata keçirmək üçün ciddi şəkildə çalışır. İnanıram ki, mövcud dinamika ilə buna nail olacağıq".
"Düşünürəm ki, müxtəlif sahələrdə əməkdaşlıq niyyətimizin bir hissəsi kimi regional əlaqələrin inkişafı bizim üçün xüsusi prioritet daşıyır. Bu, daha yaxşı ticarət əlaqələrinin və xalqlarımız arasında daha sıx təmasların qurulmasına şərait yaradacaq. Pakistan regional əlaqələrin gücləndirilməsi üçün bütün imkanları və yolları alqışlayır və Azərbaycan hökumətindəki həmkarlarımızla bu məsələləri müzakirə etməyə hazırdır", - nazir vurğulayıb.
"İqtisadi əlaqələrimizdən əlavə olaraq, Pakistan və Azərbaycan arasında güclü hərbi əməkdaşlıq mövcuddur və bu da olduqca vacibdir. Bildiyiniz kimi, bir çox xarici siyasət məsələlərində hər iki ölkə bir-birini dəstəkləyib. Azərbaycan Hindistanla son böhran zamanı Pakistanın yanında olub. Azərbaycan xalqının və rəhbərliyinin Pakistana göstərdiyi dəstəyə görə minnətdarıq. Bakının küçələrində Pakistana verilən dəstək bizə çox dəyərli oldu.
Eyni zamanda Azərbaycan tərəfindən diplomatik platformalarda, o cümlədən İƏT-in əlaqə qrupu vasitəsilə Kəşmir məsələsində Pakistana verilən dəstəyi də yüksək qiymətləndiririk. Pakistan da Azərbaycanın müstəqilliyindən bu yana daim onun yanında olub. Biz dostluğumuzu və qardaşlığımızı yüksək dəyərləndiririk. Qarabağ məsələsində də Azərbaycanı dəstəkləmişik. Yəni bu mövcud güclü hərbi əməkdaşlıq, əslində, bu böyük qardaşlıq münasibətlərinin nəticəsidir. Biz iki ölkə arasında hərbi əməkdaşlığın daha da gücləndirilməsini arzulayırıq", - deyə nazir qeyd edib.