Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında 7,190 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,885 milyard ABŞ dolları və ya 35,5% çoxdur. Belə ki, 2024-cü ilin ilk dörd ayında Azərbaycanla Aİ ölkələri arasındakı ticarət əməliyyatlarının dəyəri 5,305 milyard ABŞ dolları təşkil etmişdi.
Hesabat dövründə bu ölkələrdən idxal olunan malların dəyəri 6,234 milyard ABŞ dolları olub. Bu, illik müqayisədə 1,717 milyard ABŞ dolları, yaxud da 38% çoxdur.
Eyni zamanda, bu ölkələrə ixrac 956 milyon ABŞ dolları təşkil edib ki, bu da, illik müqayisədə 168 milyon ABŞ dolları, yaxud da 21,1% artıb.
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana Aİ ölkələrindən idxalın dəyəri 4,517 milyard ABŞ dolları, ixracın dəyəri isə 788 milyon ABŞ dolları olmuşdu.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.
Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.