Daşkənd. Trend:
Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələrinə faydalı olacaq.
Trend xəbər verir ki, bu barədə Özbəkistan nəqliyyat nazirliyinin tərəfdaşları ilə birgə hazırladığı analitik hesabatda deyilir.
Hesabata görə, Bakı-Tbilisi-Qars marşrutunun yüklənməsinin azaldılması üçün aktual tədbirlərdən biri Zəngəzur dəhlizinin – Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək 43 kilometrlik dəmir yolu sahəsinin istifadəyə verilməsi ola bilər.
“Bu “Asiya–Avropa” nəqliyyat-loqistika zəncirində iştirak edən ölkələrə müsbət təsir göstərəcək, Asiya ölkələrinin Avropa bazarına quru yollarla çıxışını asanlaşdıracaq, regionun loqistika imkanlarını genişləndirəcək və tranzit xidmətlərinə xarici tələbatı artıracaq.
Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolunda yük qatarları Gürcüstan ərazisindən 250 km məsafə qət etməli olur, halbuki Zəngəzur dəhlizi ilə bu məsafə xeyli qısadır.
Əgər dəmir yolu xətləri sərhədə yaxın yerləşən Ağbənd kəndinədək uzadılarsa, Azərbaycanla Türkiyə arasındakı ümumi məsafə 343 kilometr azalacaq. Bu isə yükdaşımalar zamanı həm vaxt, həm də maliyyə baxımından qənaətə səbəb olacaq, həmçinin Gürcüstan üzərindən keçən mövcud marşrutla müqayisədə yolu bir gün qısaldacaq.
Bununla yanaşı, hesabatda qeyd olunur ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Bakı-Tbilisi-Qars xəttinin əhəmiyyətini azaltmayacaq. Hər iki marşrut bir-birini tamamlayacaq və regional logistikanın inkişafı üçün əlavə imkanlar yaradacaq.