Bakı. Trend:
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində deyilir.
"Mən çox vacib hesab edirəm ki, bugünkü forumun əsas mövzusu Mərkəzi Asiya və Cənubi Qafqazın qarşılıqlı əlaqəsi məsələləri və bu iki ən böyük region ilə Avropa arasında tərəfdaşlıq perspektivləridir.
Biz bunu konsolidasiya və əməkdaşlıq proseslərinin geniş vüsət aldığı Mərkəzi Asiyanı dünyaya geniş şəkildə təqdim etmək, regionlararası qarşılıqlı əlaqənin gücləndirilməsi, eləcə də Özbəkistan və Azərbaycanın potensialından və imkanlarından daha dolğun istifadə edilməsinə dair fikir mübadiləsi aparmaq üçün unikal imkan kimi görürük", - dövlət başçısı qeyd edib.
Bundan əlavə, Şavkat Mirziyoyev müraciətində vurğulamışdır ki, son illər Özbəkistan-Azərbaycan münasibətləri qarşılıqlı etimad və dəstək ruhunda fəal inkişaf edir. Bununla bağlı artıq Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzalanıb və Ali Dövlətlərarası Şura fəaliyyətdədir.