Daşkənd. Trend:
Özbəkistanla Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında ticarət dövriyyəsi 2025-ci ilin ilk doqquz ayında 10 faiz artaraq, 5,5 milyard dollara çatıb.
Trend bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin bildirdiyinə görə, Özbəkistan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı ticarət sabit şəkildə artmağa davam edir. Əgər 2017-ci ildə ticarət dövriyyəsi 3,2 milyard dollar təşkil edirdisə, 2024-cü ildə bu göstərici 6,9 milyard dollara yüksəlib. Qazaxıstanla ticarət dövriyyəsi 4 milyard dollara yaxınlaşır, Qırğızıstanla – təxminən 700 milyon dollar, Tacikistanla – 570 milyon dolları keçir, Türkmənistanla isə son beş ildə iki dəfədən çox artaraq 1,15 milyard dollara çatıb. Azərbaycanla ticarət də artıb və cari ilin əvvəlindən 13 faiz qalxıb.
Bu məlumatlar Özbəkistanın naziri Ləziz Küdratovun sədrliyi ilə Daşkənddə keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycan Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında açıqlanıb.
İclasda Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Azərbaycanın ticarət və investisiya nazirliklərinin rəhbərləri, həmçinin Qırğızıstanın diplomatik nümayəndəliklərinin nümayəndələri qatılıblar.
Tədbir region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olub. Qarşılıqlı ticarət dövriyyəsinin 20 milyard dollara yüksəldilməsi, "Made in Central Asia" brendi altında birgə istehsalatların yaradılması, sənaye əməkdaşlığının inkişafı və investisiyaların cəlb edilməsi tədbirləri müzakirə olunub.
