...

Britaniya təcrübəsi Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına dəstək olur - Lord Olderdays (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 19 Dekabr 2025 08:00 (UTC +04:00)
Britaniya təcrübəsi Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına dəstək olur - Lord Olderdays (ÖZƏL MÜSAHİBƏ)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün təbii tərəfdaşdır və mən ölkənin daha şaxələndirilmiş, həmçinin dayanıqlı iqtisadiyyata transformasiyasına dəstək məqsədilə aparıcı dünya ekspertlərinin cəlb edilməsində rolumuzu görürəm.

Bunu Trend-ə özəl müsahibəsində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiyadakı ticarət elçisi Lord Con Olderdays bildirib.

“Baş nazirin Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi kimi ilk rəsmi səfərim çərçivəsində Bakıda olmaqdan məmnunam. Bu səfər ikitərəfli münasibətlərimizin mühüm bir mərhələsinə təsadüf edir – cari ilin avqust ayında Böyük Britaniya və Azərbaycan tərəfdaşlığımızın səviyyəsinin strateji mərhələyə yüksəldiyini elan etdilər ki, bu da iqtisadi əlaqələrimizin dərinliyini və iddialılığını əks etdirir”, – deyə Lord Olderdays qeyd edib.

O, Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların miqyasından danışaraq bildirib ki, ölkə artıq 37 milyard funt sterlinqdən çox investisiya ilə Azərbaycanın ən böyük birbaşa xarici investorudur və iqtisadi əlaqələr getdikcə möhkəmlənir.

“Xüsusilə maraqlı olan məqam tərəfdaşlığımızın Britaniya təcrübəsinin Azərbaycanın prioritetləri ilə üst-üstə düşdüyü sahələrdə inkişaf etməsidir. Təmiz enerji əsas sektorlar sırasındadır – Azərbaycanın bu sahədəki iddialı proqramı Böyük Britaniyanın yeni sənaye strategiyası ilə mükəmməl şəkildə uzlaşır. Bərpa olunan enerji layihələrində, dənizdə külək enerjisi üzrə dəyər zəncirlərində, elektrik şəbəkələrinin modernləşdirilməsində və hidrogen texnologiyalarının inkişafında real dinamika müşahidə edirik. Artıq bu sahədə 50-dən çox Britaniya şirkəti fəaliyyət göstərir və onların sayı ildən-ilə artır”, – deyə o vurğulayıb.

Lord Olderdays bu prosesi aydın şəkildə nümayiş etdirən iki layihədən də bəhs edib. Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri və “yaşıl interkonnektorlar” layihələri sahəsində dünya lideri olan "Xlinks" şirkəti “Yaşıl enerji dəhlizi” təşəbbüsü çərçivəsində “Green Energy Corridor” enerji şirkəti ilə məcburi xarakter daşımayan əməkdaşlıq memorandumu imzalayıb. Bu təşəbbüs Xəzər dənizinin dəniz külək enerjisinin dörd ölkə və Qara dəniz vasitəsilə Avropa bazarlarına çıxarılmasını nəzərdə tutur.

“Bu, Britaniya şirkətlərinin regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və karbonsuzlaşdırma prosesinin sürətləndirilməsi məqsədilə şəbəkələrarası əlaqələr və enerji sistemlərinin modernləşdirilməsi sahəsində öz qabaqcıl təcrübələrini necə tətbiq etdiyini aydın şəkildə göstərir, – deyə o qeyd edib.

Lord Olderdays Böyük Britaniyanın dayanıqlı infrastruktur sahəsindəki töhfəsini də vurğulayıb:

““Rapid Solutions” və “SOCAR Green” arasında imzalanmış əlamətdar saziş Azərbaycanın ən enerji tutumlu sahələrindən biri olan su infrastrukturunun modernləşdirilməsinə imkan verəcək. Layihə enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq, Azərbaycanın iqlim öhdəliklərini dəstəkləyəcək və Britaniyanın dayanıqlı infrastruktur sahəsindəki innovasiyalarının uzunmüddətli iqtisadi dayanıqlıq üçün zəruri olan aşağı karbonlu sistemlərin yaradılmasına necə töhfə verdiyini göstərəcək”.

İqtisadiyyatın şaxələndirilməsinə dəstək

“Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün təbii tərəfdaşdır və mən ölkənin daha şaxələndirilmiş və dayanıqlı iqtisadiyyata transformasiyasına dəstək məqsədilə aparıcı dünya ekspertlərinin cəlb edilməsində rolumuzu görürəm”, – deyə Lord Olderdays vurğulayıb.

“Təmiz enerji, qabaqcıl istehsal, həyat elmləri, rəqəmsal texnologiyalar və maliyyə xidmətləri sahələrində güclü tərəflərimiz Azərbaycanın ambisiyaları ilə ideal şəkildə uzlaşır”.

O, əsas layihələr və sektorlar barədə danışaraq bunları bildirib:

“Biz artıq təmiz enerji sahəsində tərəfdaşlığın real nəticələrini görürük. Şəfəqdə bp-nin günəş elektrik stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi kimi layihələr əməkdaşlığımızın karbohidrogen xammalı çərçivəsindən kənara çıxdığını nümayiş etdirir. Britaniya şirkətləri Azərbaycanın ekoloji təmiz enerjinin qərb və şərq istiqamətlərində ixracatı planlarında fəal iştirak edir, interkonnektorlar, dəniz-külək enerjisi və elektrik şəbəkələrinin modernləşdirilməsi sahələrindəki təcrübələrində istifadə edirlər– bu sahələrdə Böyük Britaniya dünya lideridir. Məsələn, “Arup” şirkəti paylayıcı şəbəkələrin modernləşdirilməsi üzrə “Azərişıq” ilə əməkdaşlıq edir”.

Maliyyə, səhiyyə və təhsil sahələrinə toxunan Lord Olderdays əlavə edib ki, Britaniya şirkətləri karbon bazarları, mühasibat standartları və kapital bazarının inkişafı üzrə ekspertiza təqdim etməklə Azərbaycanın bank sektoruna dəstək göstəriblər.

“Səhiyyə və biotibb elmləri sahəsində əməkdaşlıq Azərbaycanın səhiyyə orqanları ilə daimi dialoq vasitəsilə davam edir. Təhsil isə ölkənin gələcəyinə yönəlmiş ən güclü uzunmüddətli investisiyamızdır. Azərbaycanlı dövlət təqaüdçülərinin 70 faizi təhsil üçün Böyük Britaniyanı seçir. Uorvik Universiteti kimi ali təhsil müəssisələri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq edərək bərpa olunan enerji mənbələri üzrə ikili diplom proqramları təklif edir. Bu isə qarşıdakı transformasiyalara töhfə verəcək yeni nəsil peşəkarların hazırlanmasına xidmət edir”, – deyə o qeyd edib.

Orta Dəhlizin potensialından maksimum istifadə

Lord Olderdays Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizdə Azərbaycanın əsas rolunu vurğulayıb.

“Böyük Britaniya bu dəhlizin təkcə regional ticarət üçün deyil, həm də enerji təhlükəsizliyi və dayanıqlı nəqliyyat baxımından strateji əhəmiyyətini tanıyır ki, bu da qlobal iqtisadiyyat üçün son dərəcə vacibdir”, – deyə o bildirib.

“Logistika, infrastrukturun maliyyələşdirilməsi və tənzimləyici islahatlar sahəsində Britaniya təcrübəsi Azərbaycanın məqsədləri ilə uzlaşır. Şirkətlər hava limanları və limanlar üzrə baş planlaşdırma, dəmir yollarının modernləşdirilməsi və inteqrasiya olunmuş multimodal nəqliyyat sistemləri sahəsində dünya səviyyəli imkanlar təqdim edirlər – məhz bu cür infrastruktur dəhlizin potensialını tam şəkildə açır”, – deyə ticarət elçisi əlavə edib.

O qeyd edib ki, Britaniya şirkətləri yüklərin daşınmasını sürətləndirən və sərhədlərdə tıxacları azaldan intellektual sistemlərdə ön sıralarda yer alır ki, bu da dəhlizin rəqabət qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. “Biz hesab edirik ki, uzunmüddətli uğur aşağı karbon emissiyalı dayanıqlı nəqliyyata əsaslanmalıdır. Orta Dəhlizin "yaşıl ticarət marşrutu"na çevrilmək imkanı var və dayanıqlı infrastruktur sahəsində Britaniya təcrübəsi bu keçidə liderlik etməkdə Azərbaycana kömək edə bilər”, – deyə lord Olderdays vurğulayıb.

Strateji layihələr üçün UKEF-dən istifadə

Ticarət nümayəndəsi Böyük Britaniyanın ixrac-kredit agentliyi olan UKEF tərəfindən təqdim olunan maliyyə alətləri barədə də danışıb:

“UKEF Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından güclü alətdir. Ölkə üçün 5 milyard funt sterlinq məbləğində kredit xəttimiz mövcuddur. Bu, təkcə maliyyələşmə demək deyil, həm də iri layihələrin dəstəklənməsi, onların podratçılar və investorlar üçün cəlbediciliyinin artırılması, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən strateji investisiyaların sürətləndirilməsi deməkdir”.

O, UKEF-in dəstəyi ilə həyata keçirilmiş ilk sövdələşməni – Milli Aviasiya Akademiyası üçün "Boeing 777" uçuş trenajorunun tədarükünü misal kimi göstərib.

“Bu sövdələşmə Azərbaycanın aviasiya sektorunu dəstəkləyir və daha dərin aerokosmik əməkdaşlıq üçün imkanlar açır”, – deyə Lord Olderdays izah edib.

“Təmiz enerji sahəsindəki layihələr UKEF-in dəstəyi üçün xüsusilə uyğundur. İstər dəniz-külək enerjisi, günəş və hidrogen layihələri, istərsə də elektrik şəbəkələrinin modernləşdirilməsi olsun – bunlar böyük investisiyalar və uzunmüddətli etimad tələb edən iri infrastruktur təşəbbüsləridir. UKEF-in maliyyələşdirmə müddətinin 22 ilədək uzadılması mühüm fərqləndirici cəhətdir. Orta Dəhlizin nəqliyyat infrastrukturu, rəqəmsal sistemlər, şəhər modernləşdirilməsi, su infrastrukturu və dayanıqlı inşaat Britaniya şirkətlərinin güclü təcrübəyə malik olduğu sahələrdə əhəmiyyətli maliyyə imkanları yaradır”, – deyə o əlavə edib.

Britaniya memarlığı və şəhərsalma

“Britaniyalı memarlar Azərbaycanın şəhərlərinin transformasiyasına mühüm töhfə verirlər. “Zaha Hadid Architects”, “Chapman Taylor” və “Scott Brownrigg” yaşıl tikinti və dayanıqlı planlaşdırma sahəsində təcrübə gətirərək əsas şəhər layihələrini dəstəkləyirlər”, – deyə Lord Olderdays qeyd edib.

O, daha geniş təsiri də vurğulayıb: “Baku Build sərgisində britaniyalı memarlıq şirkətləri rəqəmsal tikinti və binaların informasiya modelləşdirilməsi (BIM) üzrə həllər nümayiş etdirdilər ki, bu da inşaatın bütün dövrü ərzində səmərəliliyi, şəffaflığı və ekoloji dayanıqlığı artırır”.

Səfər zamanı elan edilmiş “Memarlıqda qadınlar” təşəbbüsü çərçivəsində tələbə qızlar şəhərsalma layihələrində su çatışmazlığı problemini yaradıcı şəkildə həll etmək imkanı əldə ediblər.

“‘Hər damlada ümid: dəyişiklik naminə incəsənət və memarlıq’ mövzusu dövrümüzün ən böyük çağırışlarından birinin həllinə yönəlib və gələcək qadın memarların imkanlarını genişləndirir”, – deyə o bildirib.

Böyük Britaniyanın Mərkəzi Asiyanın enerji keçidində iştirakı

“Orta Asiya ekoloji təmiz enerjinin iri mərkəzinə çevrilməkdədir. Regionun günəş və külək enerjisi potensialı onun qlobal enerji keçidində mühüm rol oynamasına imkan verir. Bu isə Böyük Britaniya üçün əməkdaşlıq imkanları yaradır; bərpa olunan enerji, təmiz hidrogen və aşağı karbonlu infrastruktur sahəsindəki təcrübəmiz artıq öz təsirini göstərir”, – deyə lord Olderdayz vurğulayıb.

O, misallar də çəkib: “Genesis” Qazaxıstanda ekoloji təmiz hidrogen üzrə layihələr hazırlayır, “Mott MacDonald” Özbəkistanın enerji sektorunun 2030-cu ilədək inkişafı üçün baş plan tərtib edib, “Worley” isə Özbəkistanda gücü 1,5 GVt olan külək elektrik stansiyası inşa edir. “Böyük Britaniya ilə Qazaxıstan arasında aşağı karbonlu hidrogen sahəsində tərəfdaşlıq regionun bərpa olunan resurslarını Britaniyanın texnoloji liderliyi ilə birləşdirən strateji əməkdaşlığı nümayiş etdirir”, – deyə o qeyd edib.

“Britaniya Geoloji Xidməti ekoloji təmiz enerji texnologiyaları üçün həyati əhəmiyyətli faydalı qazıntıların xəritələşdirilməsinə kömək edir, britaniyalı şirkətlər isə onların məsuliyyətli hasilatı və emalını dəstəkləyirlər. Bu xüsusilə vacibdir, çünki Orta Asiya qlobal miqyasda sıfır emissiya keçidi üçün zəruri olan resurs ehtiyatlarına malikdir və onların işlənməsi iqtisadi və ekoloji nəticələri müəyyən edəcək”, – deyə o əlavə edib.

Sonda Lord Olderdays iqlim sahəsində əməkdaşlığı da qeyd edib:

“Biz Qlobal Metan Öhdəliyi çərçivəsində region ölkələrinə metan emissiyalarının azaldılmasında kömək edirik, mövcud enerji sektorlarının daha dayanıqlı fəaliyyətini dəstəkləyirik. Regionun təbii üstünlükləri ilə Britaniyanın təmiz enerji sahəsindəki təcrübəsinin vəhdəti Orta Asiyanın ekoloji təmiz enerji mərkəzinə çevrilməsini sürətləndirə, eyni zamanda Britaniya biznesi üçün kommersiya imkanları yarada bilən tərəfdaşlıq formalaşdırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti