Bakı. Trend:
Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib.
Trend xəbər verir ki, tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, dövlət və özəl qurumların, işgüzar birliklər və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Forumda həmçinin regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və Dördüncü Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçirilib.
Forumda ilk çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, artıq ikinci dəfə təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır.
"Ümidvaram ki, Forum çərçivəsində aparılacaq müzakirələr konkret investisiya təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıq layihələrinə yol açacaq.
Dünən dəyərli qardaşım Cevdet Yılmazla biz Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını çox uğurla keçirdik. Ticarət-iqtisadi əlaqələrimizin gündəliyində duran aktual məsələləri müzakirə etdik, qarşılıqlı prioritet təşkil edən sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik.
Bu gün isə hər iki ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşmək üçün bir araya gəlmişik. Ümidvarıq ki, bugünkü görüş biznes cəmiyyətlərimiz üçün faydalı olacaq, ölkələrimiz tərəfindən yeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasına təkan verəck", - Baş nazir vurğulayıb.
Daha sonra Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz çıxışı zamanı qeyd edib ki, ikitərəfli ticarət dövriyyəmizə baxdıqda, ötən il Azərbaycanla ticarətimizin 8 milyard ABŞ dollarına çatdığını görürük. Bu, olduqca əhəmiyyətli göstəricidir.
O bildirib ki, cari ildə müəyyən azalma ehtimalı mövcuddur ki, bu da əsasən neft qiymətlərindəki dəyişikliklər və digər müvəqqəti amillərlə bağlıdır:
"Lakin bu geriləmənin keçici olacağına inanırıq. Məqsədimiz, prezidentlərimizin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır. Buna da iş dünyamızla birlikdə nail olacağımıza ürəkdən inanırıq".
İnvestisiyalar sahəsində əldə edilən nəticələr məmnunluq doğurur. Bu gün Türkiyədən Azərbaycana birbaşa investisiyalar 18 milyard dollara, Azərbaycandan Türkiyəyə yatırımlar isə 21 milyard dollara yaxınlaşıb. Ümumilikdə 39 milyard dollarlıq investisiya həcmi formalaşıb ki, bu da olduqca əhəmiyyətlidir.
Bu həcmin daha da artmasını istəyirik. Belə forumlar məhz buna xidmət edir. Çünki investisiyalarla ticarət arasında birbaşa əlaqə mövcuddur. Qarşılıqlı investisiyalar artdıqca, ticarət əlaqələrimiz də daha möhkəm və dayanıqlı zəminə oturacaq.
Bu fürsətdən istifadə edərək Türkiyə investorlarını Azərbaycana, azərbaycanlı investorları isə Türkiyəyə dəvət edirik. Yalnız qarşılıqlı deyil, üçüncü ölkələrdə də birgə layihələr həyata keçirməyi tövsiyə edirik", - deyə vitse-prezident vurğulayıb.
Öz növbəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli isə əlavə edib ki, ölkəmizin artan nəqliyyat-tranzit imkanları, bu sahədə təşəbbüsçüsü və iştirakçısı olduğumuz regional və qlobal əhəmiyyətli layihələr, o cümlədən Orta Dəhlizin təqdim etdiyi logistika potensialı və digər layihələr Türkiyə ilə qarşılıqlı faydalı tərəfdaşlığımıza əlavə imkanlar açır. Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə addımlar həm ölkələrimiz üçün, həm də region üçün tranzit imkanlarını genişləndirir.
O eyni zamanda vurğulayıb ki, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir:
"Bununla yanaşı, gələcəkdə Zəngəzur dəhlizi beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə öz töhfəsini verəcək".
Türkiyənin ticarət naziri Ömər Bolat da vurğulayıb ki, 2000-ci illərin sonlarından bu yana Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,4 milyard dollardan 8 milyard dollara yüksəlib.
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
Türkiyə–Azərbaycan münasibətlərinin bu qədər yüksək səviyyəyə
qalxması və Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər hamımızı
sevindirir və qürurlandırır.
Türkiyə–Azərbaycan iqtisadi əlaqələri xüsusilə enerji sahəsində
böyük irəliləyişlər əldə edib. Bakı–Tbilisi–Ceyhan neft kəməri,
Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və TAP kimi strateji
layihələr uğurla həyata keçirilib. Eyni zamanda Bakı–Tbilisi–Qars
dəmir yolu layihəsi münasibətlərimizə mühüm infrastruktur töhfəsi
verib. Ticarət sahəsində də oxşar şəkildə sürətli inkişaf müşahidə
olunur", - nazir vurğulayıb.
Ö. Bolat qeyd edib ki, 2000-ci illərin sonlarından bu yana Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,4 milyard dollardan 8 milyard dollara yüksəlib, yəni üç dəfədən çox artım qeydə alınıb: "Məmnunluqla qeyd edirik ki, Türkiyə Azərbaycanın ixracında ikinci yerə yüksəlib. Azərbaycanın idxalında isə Türkiyə üçüncü sıradadır.
Hədəfimiz qarşılıqlı ticarətdə birinci yerə yüksəlmək olmalıdır. Çünki Azərbaycan həm Müstəqil Dövlətlər Birliyi ölkələrinə, həm də xüsusilə Türk dünyası dövlətlərinə çıxış baxımından mühüm strateji qovşaq mövqeyinə malikdir. Enerji xətləri və yaxın zamanda tamamlanacağına ümid etdiyimiz Zəngəzur dəhlizi vasitəsilə Türkiyənin Orta Asiya və Uzaq Şərqə daha sürətli çıxışı mümkün olacaq. Eyni zamanda Orta Dəhliz Azərbaycan və Türkiyə üzərindən keçərək dünya ticarətində sürətləndirici təsir yaradacaq, bölgə ölkələri və şəhərlərində ticarət, istehsal və investisiya canlanmasına səbəb olacaq".
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu deyib ki, Türk Dövlətləri Təşkilatı və Asiya ilə olan ticarətimizin çox qısa zamanda ümumilikdə 100 milyard dolları ötə biləcəyi mümkündür. Bu iqtisadi arxitektura üzərində Azərbaycan isə özünəməxsus bir yol və mövqeyə malikdir.
"Çinə uzanan Xəzərdən keçən Orta Dəhlizdəki əsas nəqliyyat marşrutlarında yaşanan çətinlikləri və konjonktural struktural qeyri-müəyyənlikləri yalnız yaxındakı coğrafiyadan təhlükəsiz tranzitlə həll edə biləcəyimizi bilirik.
Qeyd etmək lazımdır ki, Orta Dəhliz, sadəcə siyasi seçim deyil, həm də şimal dəhlizi ilə müqayisədə 2000 km daha səmərəlidir. Eyni zamanda, Çin ilə Avropa arasında daşımaların vaxtını əhəmiyyətli dərəcədə azaldır. Bu baxımdan həm siyasi, həm də iqtisadi effektivlik və məhsuldarlıq baxımından kritik əhəmiyyətə malikdir", - nazir müavini bildirib.
Mustafa Tuzcu eyni zamanda Bakı–Tibilisi–Qars dəmir yolu kimi xətlərin səmərəliliyinin artırılmasının da vacibliyini vurğulayıb: "Yalnız Orta Dəhliz deyil, dəmir yolu xətlərinin də inkişafı yük paylanmasının artırılması üçün önəmlidir. Bu xətt Xəzərdən Bakıya, oradan isə Türkiyə vasitəsilə Avropaya keçidi mümkün edəcək".
"Bundan əlavə, Zəngəzur dəhlizi də Orta Dəhliz xəttinin effektivliyini yalnız mövcud bağlantılarla deyil, daha güclü və tamamlayıcı xüsusiyyətlərlə artırır. Orta Dəhlizin təbii və tamamlayıcı bir uzantısı olan Zəngəzur dəhlizi bütün bölgə üçün böyük əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycan və Türkiyə arasında deyil, həm də Asiya ilə Avropa arasında strateji əhəmiyyət kəsb edir", - nazir müavini əlavə edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vurğulayıb ki, Rəqəmsal Logistika Platforması gələn ilin sonunadək istifadəyə veriləcək.
O xatırladıb ki, Rəqəmsal Logistika Platforması iki il idi hazırlanırdı:
"Artıq bu gün platforma özü, demək olar ki hazırdır. Növbəti ilin əvvəlindən biz platformanın mərhələli şəkildə ilin sonunadək istifadəyə verəcəyik".
"Bu platforma istər idxal, istərsə də ixrac rejimləri əhatə etməklə, eləcə də bütün növ lisensiya və sertifikatlarımızı əldə etmək üçün 30-dan artıq dövlət qurumunu birləşdirir. Biz bu gün 13-dən artıq dövlət qurumu ilə inteqrasiyaları tamamlamışıq və ya tamamlamaq üzrəyik", - nazir müavini vurğulayıb.
Xatırladaq ki, I Azərbaycan–Türkiyə İnvestisiya Forumu 2023-cü ilin dekabr ayında keçirilib.
