Bakı. Trend:
Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədər ümumdaxili məhsul (ÜDM) artımı ilə bağlı yenilənmiş proqnozlarını dərc edib.
Trend xəbər verir ki, bu barədə Niderlandın ING bank qrupunun hesabatında deyilir.
Analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə illik ÜDM artımı 2,5 faiz təşkil edəcək, 2027-ci ildə isə artımın 3 faizə qədər sürətlənəcəyi gözlənilir.
2026-cı il rüblər üzrə proqnozlar belədir: birinci rübdə ÜDM artımı 3 faiz, ikinci rübdə 2 faiz, üçüncü rübdə 4 faiz, dördüncü rübdə isə 1 faiz səviyyəsində olacaq.
2027-ci ildə dinamika aşağıdakı kimi proqnozlaşdırılır: birinci rübdə artım 4 faiz, ikinci rübdə 1,5 faiz, üçüncü rübdə 2,5 faiz, dördüncü rübdə isə 4 faiz təşkil edəcək.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycanda 129,1 milyard manat məbləğində ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 1,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artıb.
ÜDM istehsalının strukturunda sənayenin payı 33 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin payı 11,3 faiz, nəqliyyat və anbar təsərrüfatının payı 7,1 faiz, tikintinin payı 6,5 faiz, kənd, meşə təsərrüfatı və balıqçılığın payı 5,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşənin payı 2,8 faiz, informasiya və rabitə sahəsinin payı 2,1 faiz, digər sahələrin payı isə 21,7 faiz təşkil edib. Məhsullara və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
