Azərbaycan, Bakı / Trend , müxbir İ.Xalilova/ "Azərbaycanda inflyasiya artımı ölkə rəhbərliyinin gözlədiyindən daha yüksək templə gedir" - deyə cümə günü Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
O, ilin sonuna qədər bu prosesə müəyyən düzəlişlərin ediləcəyini istisna etməyib. Lakin o, 2007-ci ilin yekunu üzrə öz gözləmələrini açıqlamaqdan imtina edib.
"Biz istehlakçı qiymətlərinin süni artımına yol verməmək üçün müəyyən antiinflyasiya tədbirlərini həyata keçirmək niyyətindəyik" - deyə nazir bildirib. Onun sözlərinə görə, qiymət artımı bütün dünyada müşahidə olunur.
Yanvar-sentyabr ərzində inflyasiyanın artım tempi 16 faiz təşkil edib. Belə ki, ərzaq məhsullarının qiyməti 15,3 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 10,3 faiz artıb. Xidmət sahəsinin tarifləri isə 24,6 faiz artıb.