Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəmir Yol İdarəsi Rusiya ərazisindən keçən sərnişin qatarlarında təhlükəsizlik tədbirlərini müvəqqəti olaraq gücləndirmək niyyətindədir. Bazar ertəsi dəmir yol idarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədovun verdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ötən cümə günü Kalmık Respublikasının "Artezian" stansiyasında "Bakı-Tümen" qatarının 25 nəfər sərnişininin xəsarət alması ilə nəticələnən insidentlə bağlıdır. Dəmir yol idarəsi qatarın bələdçilərinin sayını artırmaq niyyətindədir.
Cümə günü kəsici alətlərlə silahlanmış 60 nəfərə yaxın silahlı "Bakı-Tümen" marşurutu ilə irəliləyən N373/374 saylı qatara basqın edib. Basqın nəticəsində 25 nəfər xəsarət alıb, xəsarət alanlara qatarın sərnişinləri, Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin, nəqliyyat polisinin əməkdaşları daxildir.
Azməmmədovun sözlərinə görə, basqın nəticəsində zərər çəkmiş qatar Bakıya qayıdıb. İnsident nəticəsində xəsarət almış və Gizlər şəhərinin tibb məntəqəsinə yerləşdirilmiş dörd nəfər artıq evə buraxılıb. Üç nəfər şənbə günü səhər, daha bir nəfər isə axşam saatlarında evə buraxılıb. Xəsarət alan dörd nəfər artıq Azərbaycana göndərilib.
"Rusiya dəmir yolu" MMC-nin verdiyi məlumata görə, basqın nəticəsində sərnişin qatarına ziyan dəyib. İnsident oktyabrın 26-da saat 20:57-də qatarın stansiyada dayanması zamanı baş verib.
Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin rəhbərliyi "Rusiya dəmir yolu" MMC, "Şimali Qafqaz dəmir yolu" və nəqliyyat polisinə baş verən insidentlə bağlı ciddi araşdırmalar aparmaq və müvafiq tədbirlər görmək tələbi ilə müraciət edib.
Sərnişin qatarına basqın faktı üzrə Dağıstan Prokurorluğunda cinayət işi qadırılıb. "Bakı -Tümen" sərnişin qatarına basqında iştirkakda şübhəli bilinərək RF-nin hüquq mühafizə orqanları tərəfindən beş nəfər saxlanıb.