Qazaxıstan, Astana, 18 avqust/ Trend , müxbir K.Konırova/ Qafqazda yaranmış kəskin vəziyyətlə əlaqədar taxılın daşınması üzrə "cənub dəhliz"i praktiki olaraq bağlanacaq, Qazaxıstanın Baş naziri Kərim Məsimov bazar ertəsi bildirib.
Onun rəyinə görə, hazırki vaxtda Rusiya istiqamətində ixracın alternativi yoxdur.
"Həm Rusiyada, həm də Ukraynada bu il yaxşı məhsul olub və beləliklə Qazaxıstanda problemlər yarana bilər. Kənd Təsərrüfatı Nazirliyi, "Kazaxstan Temirjolı" və ixracatçılara sıx işləmək və taxılın xaricə göndərilmə kanallarını müəyyən etmək tapşırılıb", - Məsimov bazar ertəsi hökumətin Astanada keçirilən selektor iclasında bildirib.
İclasda həmçinin taxıl ixracına qoyulan qadağanın götürülməsi məsələsi müzakirə olunub. Baş nazir Kənd Təsərrüfatı Nazirliyinə yaxın vaxtlarda əsas taxıl ixracatçılarının iştirakı ilə müşavirə toplamağı və regionlar üzrə vəziyyətlə bağlı məlumat verməyi tapşırıb.
"Mən əmin olsam ki, daxili bazar zərər çəkməyəcək, əyalətlər üzrə kifayət qədər ehtiyat var, bütün müqavilələr bağlanıb, o zaman taxıl ixracına qoyulan qadağanın götürülməsinə dair qərar qəbul edəcəyik", - Baş nazir vəd edib və əlavə edib ki: "Belə zəmanətlər olmazsa, o zaman qadağa da götürülməyəcək".
Ötən şənbə Kənd Təsərrüfatı Nazirliyində keçirilən müşavirə zamanı Qazaxıstanın 2008-ci il sentyabrın 1-dən taxıl ixracına qoyulan qadağanın götürülməsi barədə qərar qəbul edilib.
Kənd təsərrüfatı naziri Ahılbek Kurişbayevin məlumatlarına əsasən, hazırki vaxtda Qazaxıstanın demək olar ki, bütün regionlarında dənli bitkilərin yığılması aparılır və hazırki gündə artıq səpin sahələrinin 8 faizi əhatə olunub. Hazırki vaxtda məhsulun həcmi 832 min ton təşkil edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]