Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ "National Bank of Pakistan - nın (NBP Bank) Bakı filialı Azərbaycanın beş bankı ilə, onlara kredit xətlərinin ayrılmasına dair danışıqlara başlayıb", - Bankın Baş meneceri Sohail Əhməd (Sohail Ahmad) cümə günü bildirib. Kreditləşmə üçün Kapital Bank, Azerdemiryolbank, Texnikabank, Rabitəbank və AGBank seçilib.
"Beynəlxalq kredit reytinqi və xarici borclanmanın cəlb edilməsi təcrübəsinin olması bankların seçilməsi üçün meyar olub. Belə ki biz banklarda risklərin minimal olduğuna əmin olmaq istəyirdik", - bankın rəhbəri bildirib.
Bu gün Kapital Bank, Azerdemiryolbank və Rabitəbank - dan kredit xətlərinin açılması haqqında razılıq alınıb. Qalan iki bankla danışıqlar davam edir. NBP Bank-ın filialı bankların hər birinə $1,5-2 mln. ayırmağa hazır olsa da, yenə də kreditin həcmi hər bank üçün limitdən asılı olacaq.
Əhmədin rəyinə görə, hazırki mərhələdə bank şəxsi ehtiyatları hesabına kreditləşdirəcək, lakin zərurət yarandığı halda, Baş ofis ona illik maksimum 6 dərəcə ilə vəsaitlər təqdim etməyə hazırdır. NBP - nin Bakı filialı Azərbaycan banklarını Azərbaycan Milli Bankının uçot dərəcəsindən (bu gün 15 dərəcə təşkil edir) bir qədər yüksək dərəcə - yəni illik 15 - 16 faiz dərəcələr üzrə kreditləşdirmək niyyətindədir.
Bu planların realizəsi nəticəsində, NBP - nin Bakı filialının kredit portfeli 6 -7 mln. manatadək artacaq. Hazırda onun portfeli 250 min manat təşkil edir. Oktyabrın 3 -nə olan vəziyyətə görə, bankın mənfəəti 303 min manat, likvidlik səviyyəsi 127 faiz təşkil edir. NBP Azərbaycandakı filialını 2005 - ci ilin iyulunda açıb.
National Bank of Pakistan 1949 - cu ildə təsis edilib və Pakistan hökumətinin 75 faizlik iştirak payı ilə yaradılıb. Hazırda NBP Bank - ın 17 xarici filialı var. Onun aktivləri $12408 mln., kredit portfeli $5546 mln., depozit portfeli - $9636 mln. təşkil edir. Yatırılan sərmayələrin məbləği $3431 mln. təşkil edir. NBP Bank "sabit" proqnozu ilə "AAA" kredit reytinqinə malikdir.
Oktyabrın 3 - nə olan cari mübadilə məzənnəsi -- 0,8096 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün eleketron ünvan: [email protected]